Lənkəran Dövlət Universitetində (LDU) “18 may - 18 iyun İnsan hüquqları aylığı” çərçivəsində müəllim və tələbələr üçün növbəti maarifləndirici seminar keçirilib.

 


LDU-nun sosial məsələlər üzrə prorektoru, dosent Kamran Kazımov tədbirin məqsədi, əhəmiyyəti barədə geniş məlumat verib, Birləşmiş Millətlər Təşkilatının 30 maddədən ibarət qəbul etdiyi “İnsan Hüquqları haqqında Bəyannamə”dən, ölkəmizdə bu sahədə görülən işlərdən, aparılan islahatlardan ətraflı bəhs edib. K. Kazımov Ermənistanın Azərbaycana 30 ilə yaxın davam edən təcavüzündən, mənfur qonşularımız tərəfindən vətəndaşlarımızın hüquqlarının pozulmasından danışıb, 44 günlük Vətən müharbəsində Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuzun, qəhrəman oğullarımızın qanı, canı bahasına vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpa olunduğunu qeyd edib.


Tədbirdə LDU-nun ümumi işlər üzrə prorektoru Növruz Həsənquliyev də məruzə edib. Məruzəçı Azərbaycan Konstitutsiyasında, beynəlxalq qanunvericilikdə insan hüquqları haqqında olan maddələri ətraflı şərh edib, sosial şəbəkələrdə, mediada insan hüquqlarının təbliğ edilməsinin, gənc nəsildə hüquqi düşüncə və mədəniyyətin inkişaf etdirilməsinin vacibliyini bildirib, həmçinin, LDU-da bu istiqamətdə aparılan işlər haqqında iştirakçıları ətraflı məlumatlandırıb.

 

Məruzədə qeyd olunub ki, bu gün, həqiqətən də, hüquqi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə həyata keçirilən tədbirlər və islahatlar insanlarda şüurlu surətdə hüquqi inamın formalaşmasına, əhali arasında hüquq mədəniyyətinin yayılmasına və bu istiqamətdə uğurlu nəticələrin əldə olunmasına öz töhfəsini verməkdədir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.