Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti (EU) arasında həyata keçirilən ikili diplom proqramı ilə bağlı təşkil olunan növbəti maarifləndirici tədbir ADAU-da baş tutub.

 

Gəncə şəhərində fəaliyyət göstərən Göygöl Təhsil Mərkəzinin abituriyentlərinin ADAU-nun maddi-texniki bazası ilə tanış olmaları, gələcək təhsillərini bu ali təhsil ocağında davam etdirmək imkanlarını nəzərdən keçirmələri məqsədi ilə bir günlük gəzinti proqramı təşkil edilib. Onlar universitetlə ümumi tanışlıqdan sonra ADAU-EU beynəlxalq ikili diplom proqramı haqqında ətraflı məlumat almaq üçün infosessiyaya qatılıb.

 

İkili diplom proqramında Aqronomluq ixtisası üzrə təhsil alan I kurs tələbəsi, Aqrar Gənclər Təşkilatının təsisçisi və rəhbəri Əli Məmmədov və digər ixtisaslarda təhsil alan tələbələr, həmçinin adıçəkilən proqramın katibi, dosent Lamiyə Quliyeva qonaqlara proqram haqqında geniş məlumat . İkili diplom proqramlarının “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirildiyi və tam olaraq dövlət tərəfindən maliyyələşdirildiyi vurğulanıb.

 

Çıxışlarda 3+1 modelinə əsaslanan proqramda tələbələrin 3 akademik ili ADAU-da, 1 akademik ili isə Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində təhsil alacağı vurğulanıb. Diqqətə çatdırılıb ki, tələbələr Ege Universitetinin tədris planı əsasında əsasən Türkiyə türkcəsində təhsil alacaq, sonda hər iki universitetin diplomunu əldə edəcəklər. Bununla yanaşı, proqrama aid ixtisasların keçid balları, qəbul kvotası, qəbul şərtləri, tədris dili və müraciət forması haqqında vacib informasiyalar məktəblilərə təqdim olunub.

 

Tədbirdə Ege Universitetinin və ADAU-nun tanıtım videoçarxları nümayiş olunub, abituriyentlərə ikili diplom proqramına aid məlumatları özündə əks etdirən bukletlər paylanılıb.