Naxçıvan Dövlət Universitetində (NDU) 2021-2022-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin mükafatlandırma mərasimi keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, TEC-in əsas məqsədi ali təhsilli  mütəxəssislərin  hazırlanması  keyfiyyətinin  yüksəldilməsinə yönəldilmiş  elmi-təşkilati  tədbirlərin  həyata  keçirilməsi, tələbələrin  elmi-texniki  potensialının  qorunub  saxlanılması, magistr  və  bakalavr  tələbələrinin  elmi  tədqiqat  fəaliyyətini  müasir şəraitə  uyğun  təşkil  etməkdir. Bildirilib ki, cəmiyyətin işi tələbələrə elmi eksperiment aparmaq və alınmış nəticələri təhlil etmək, yerinə yetirilmiş tədqiqatların nəticələrinə dair hesabat hazırlayaraq çıxış etmək və elmi diskussiya aparmaq bacarıqlarının aşılanmasına xidmət etməkdir.

 

2021-2022-ci tədris ilində TEC xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunları barədə danışan Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova bildirib ki,  hər il olduğu kimi, cari tədris ilində də təşkilatın iş planının tərtib olunması və tələbələrlə əlaqələrin gücləndirilməsi kimi məsələlərin həllinə baxılıb, fakültələr üzrə cəmiyyətin sədrləri və heyəti tələbələrlə xüsusi iş aparıb. Qeyd edilib ki, bu tədris ilində 414 müəllimin rəhbərliyi ilə 677 tələbə elmi tədqiqat işi ilə məşğul olub. Diqqətə çatdırılıb ki, ötən illə müqayisədə elmi tədqiqat işlərinə maraq 20 faiz artıb.  

 

Tədbirdə TEC xətti ilə ən yaxşı  elmi-tədqiqat işləri yerinə yetirən kafedralardan Stomatologiya kafedrasının müdiri, dosent Rauf Cəfərov, Dünya iqtisadiyyatı kafedrasının müdiri, dosent Cavadxan Qasımov kafedralarda yerinə yetirilən elmi-tədqiqat işləri barədə çıxış ediblər.

 

Sonra universitet və bölmələr üzrə TEC xətti ilə ən yaxşı elmi-tədqiqat işini yerinə yetirən tələbələr diplomla mükafatlandırılıb. 

 

Tədbirdə TEC-in fəaliyyətində və elmi-tədqiqat işlərində fəallığa görə fərqlənən tələbələr təşəkkürnamə ilə təltif olunub.    

TEC xətti ilə yerinə yetirilən elmi-tədqiqat işlərində fəal elmi rəhbərlik etdiyinə görə Biologiya kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Hilal Qasımov, İnformatika kafedrasının müəllimi Fatma Müslümova təşəkkürnamə ilə təltif edilib.

 

Qeyd edək ki, adıçəkilən müəllimlərin rəhbərliyi ilə Biologiya müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Aydan Məhərrəmlinin “İstixanada yetişdirilən tərəvəz bitkilərinin tozlanmasında bombus arılarının rolu” adlı elmi məqaləsi Rusiyanın Penza şəhərində dərc olunub və Marketinq ixtisası üzrə II kurs tələbəsi Elsun Cəfərov “Texnofest Azərbaycan” müsabiqəsinin final mərhələsində iştirak edib.  

 

Daha sonra Elm və innovasiyalar bölməsinin könüllüləri- İnsan və heyvan fiziologiyası ixtisası üzrə II kurs magistrant Aysun Süleymanlı və Bitkilərin genetikası və seleksiyası ixtisası üzrə I kurs magistrant Aysel Kərimli universitetin elmi və elmi-təşkilati işlərindəki fəaliyyətlərinə görə təşəkkürnamə ilə təltif olunublar.

 

Tədbirdə, eyni zamanda Elm və innovasiyalar bölməsinin baş elmi işçisi Türkan Quliyeva universitetdə təşkil olunan fərdi sərgiyə görə diplomla təltif edilib.