Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi çərçivəsində uğur qazanmış layihələrdən biri də Lənkəran Dövlət Universitetinin (LDU)  “Çay və sitrus bitkilərinin istehsal texnologiyasının, istifadə strukturunun, emal və saxlanma proseslərinin optimallaşdırılması, onun universitetin elmi və təhsil potensialının artırılmasına təsiri” mövzusunda layihəsidir.

 

Sözügedən layihənin həyata keçirilməsi məqsədilə Təhsil Nazirliyi ilə Lənkəran Dövlət Universiteti arasında müqavilə imzalanıb.

 

Layihənin məqsədi çay və sitrus meyvə bitkilərinin potensial məhsul istehsalının artırılması yollarının, istifadə strukturunun, emal və saxlama proseslərinin tədqiq edilməsi, optimallaşdırılması, bu barədə müvafiq tövsiyələrin hazırlanmasıdır. Eyni zamanda, layihənin yerinə yetirilməsi zamanı alınan nəticələr universitetin elmi potensialını artırmaqla yanaşı, sahə mütəxəssislərinin hazırlığının keyfiyyətinə müsbət təsir göstərəcək.

 

Layihənin əsas xüsusiyyətlərindən biri də onun icrasına universitet əməkdaşları ilə yanaşı, tələbələrin də cəlb edilməsidir.

 

Layihə çərçivəsində tədqiqat və təcrübə işləri LDU-nun elmi-tədqiqat və tədris laboratoriyalarında, tədris-təcrübə sahəsində, həmçinin, “Lənkəran MMC Çay istehsalı və emalı” müəssisəsində, Meyvəçilik və Çayçılıq
İnstitutunun Lənkəran çay filialında yerinə yetirilir.

 

Çayçılıq və sitrus meyvəçiliyi sahəsində müasir beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə həyata keçirilən layihə iştirakçılarından bir qrupu 2022-ci il may ayının üçüncü ongünlüyündə Türkiyədə, Gürcüstanda və Rusiyada ezamiyyətdə olublar.
Belə ki, layihə rəhbəri Mikayıl Məhərrəmov və iştirakçı, baş müəllim Mühəndis Cahangirov Türkiyənin Adana şəhərindəki Çukuroba Universitetində olublar.

 

Ezamiyyət zamanı Çukuroba Universitetinin Kənd Təsərrüfatı fakültəsində tədrisin təşkili və elmi-tədqiqat məsələləri ilə tanış olub, fakültə rəhbərliyi, kafedra rəhbərləri, professor-müəllim heyəti ilə görüşlər keçiriblər. Müxtəlif tədqiqat laboratoriyaları, qida mühəndisliyi, o cümlədən, şərabçılıq laboratoriyaları ilə tanışlıq xüsusi maraq doğurub.

 

LDU-nun tədqiqatçılarına Çukuroba Universitetinin sitrus meyvə bağlarında bitki mühafizəsinin, xəstəlik və zərərvericilərə qarşı mübarizənin təşkili, məhsul yığımı və daşınması zamanı məhsul itkiləri ilə mübarizə, tinglik və şitillik işlərinin təşkili ilə yaxından tanış olmaq imkanı yaradılıb. Layihə iştirakçıları Çukuroba Universitetinin Kolleci və bağçılıq tədqiqat-təcrübə sahəsi ilə yaxından tanış olublar. Kənd təsərrüfatı fakültəsi və Qida mühəndisliyi bölümü ilə Lənkəran Dövlət Universitetinin müvafiq struktur qurumları arasında gələcək əməkdaşlıq barədə razılığa gəlinib.

 

Eyni zamanda, layihə iştirakçılarından dosent Balayar Şahbazov və dosent Məlahət Ağayeva Gürcüstanın Bitki mühafizəsi Elmi-Tədqiqat Universitetində və Gürcüstan Aqrar Universitetində çayçılğın, sitrus meyvəçiliyinin müasir texnologiyası, bitki mühafizəsi, xüsusilə, zərərverici və xəstəlik törədicilər ilə inteqrativ mübarizə üsulları ilə yaxından tanış olub, həmin təşkilatların laboratoriyalarında aparılan tədqiqat işlərini əyani şəkildə izləyib, onları maraqlandıran problemlər barədə alim və mütəxəssislərlə fikir mübadiləsi aparıblar.

 


Layihə iştirakçısı, baş müəllim Azər Calalov isə Rusiyanın Tomsk şəhərində elmi ezamiyyəti zamanı Tomsk Politexnik Universitetində həmin müəssisənin təlim-tədris bazası, təcrübə sahəsi, laboratoriyaları, elmi kitabxanaları, tədris prosesi ilə tanış olub.
Layihə rəhbəri Mikayıl Məhərrəmovun LDU-nun resipiyenti olduğu "Çay və sitrus bitkilərinin istehsal texnologiyasının, istifadə strukturunun, emal və saxlanma proseslərinin optimallaşdırılması və onun universitetin elmi və təhsil potensialının artırılmasına təsiri" qrant layihəsinin Təhsil Nazirliyi qarşısında onlayn  platforma üzərindən hesabatı dinlənilib. Hesabata Təhsil Nazirliyinin bir sıra məsul əməkdaşları və layihənin digər iştirakçıları da qoşularaq müzakirələrdə fəal iştirak ediblər.
Layihənin icra vəziyyəti qənaətbəxş hesab edilib.