Naxçıvan Dövlət Universiteti hədəflərə doğru


Artan potensialla inkişafa davam edən Naxçıvan Dövlət Universiteti bir-birinin ardınca yeni keyfiyyət mərhələlərinin məntiqi ardıcıllığını da təmin etməkdədir. Hər bir tələbənin səsi, peşəkarlığı və həqiqi mütəxəssis olaraq təkmilləşməsini hədəf olaraq müəyyən edən universitetimiz özünün sosial sahələr üzrə islahatlarına da yeni nəfəs verməkdədir. Təbii olaraq, bütün bu potensialla ali məktəb istər tədris sahəsindəki perspektivləri, istər ixtisaslaşma istiqamətindəki yenilikləri, istərsə də, alternativ təhsil imkanları üzrə üstünlükləri ilə diqqəti çəkməkdədir. Bütün bunlarla yanaşı isə, ümumilikdə, etibarlı ali təhsil şəbəkəsinin yaradılması sahəsində həyata keçirilmiş genişmiqyaslı tədbirlərin hərəkəverici qüvvəsinə çevrilmişdir. Ali təhsil üzrə yeni çağırışlara və modern təhsil standartlarına inteqrasiya proseslərinə uyğun olaraq, Naxçıvan Dövlət Universitetinin reallaşdırmış olduğu tədbrilərin miqyası da genişlənməkdədir. Belə ki, təhsil sahəsində, həm beynəlxalq əməkdaşlıqların qurulması və inkişaf etdirilməsi, həm ikili diplom layihələrinin qüvvəyə minməsi və bu sahədə kadr hazırlığının təşkil olunması, həm də nəzəriyyə ilə təcrübənin vəhdətindən ibarət olan potensialın yaradılması ali məktəbin reallaşmaqda olan uzunmüddətli prioritetlərinə aid olunmaqdadır.

 

Sağlam təhsil mühiti

 

Hələ 2020-ci ilin əvvəlindən etibarən bu sahədə daha mütərəqqi ilkin addımlar  atılmağa başlanmış oldu. Belə ki, həmin tarixdən reallaşan islahatlar müstəvisində universitetin yeni idarəetmə mexanizmlərinin fəaliyyəti təmin olundu, bir sıra fakültələr yenidən quruldu, bir sözlə, modernləşən təhsil quruculuğu üçün baza formalaşdırılmış oldu. Artıq geridə qalan müddət ərzində universitetin təşkilati-idarəetmə strukturu islahatların yaratdığı reallıqlara müvafiq qaydada tənzimlənmiş, müəllim və tələbələr üçün daha sağlam tədris mühitinin əsasları yaradılmışdır.

 

Məhz bu proseslər əsasında, daha doğrusu, qeyd olunan amillərin daha da etibarlılığı üçün hazırda Naxçıvan Dövlət Universitetinin ərazisində 2020-ci ildən etibarən 2 hektar sahədə Texnologiyalar Parkı inşa olunur və 2021-ci ildən başlayaraq, beynəlxalq əməkdaşlıqlar sahəsində tamamilə yeni dövr başlanmışdır.

 

İstinad etdiyimiz proseslər çərçivəsində tamamilə dayanıqlı, etibarlı və perspektivli dayaqlar gücləndirilmişdir. Mövcud şərait isə təhsilalma imkanlarının artırılmasına və eyni zamanda onun beynəlxalq hüdudlarda təşəkkülünə münbit zəmin yaratmışdır. Bütün bu kimi tədbirlər çərçivəsində universitetin beynəlxalq aləmə çıxışının təmin olunması diqqətdə saxlanılmış və zəruri təsisatlar yaradılmışdır. Qeyd etmək olar ki, 2022-ci ilin 11 aprel tarixində ali məktəbimizdə bu məqsədlə yeni bir inkişaf mərhələsinin başlanğıcı qoyulmuşdur. Məhz elmi axtarışların davamlılığı, əhatəliliyi və dinamikliyi sahəsində proseslərin daha da sürətlənməsinə təkan olacaq tədbir reallaşmışdır. Bu, Naxçıvan Dövlət Universitetində IELTS qeydiyyat və imtahan mərkəzinin fəaliyyətə başlamasından ibarət olan nailiyyətdir.  NDU-da yeni mərkəzin istifadəyə verilməsi, bütövlükdə, gələcək üzrə istiqamətlənən yolların tələbələrin, gənclərin, bütövlükdə elm və araşdırma adamlarının üzünə açıq olacağını ifadə etməkdədir.  Bu, həm də universitetimizin beynəlxalq əməkdaşlıqlarının uğurlu nəticələrinə işıq salacaqdır. Çünki gənc elm adamlarının, tədqiqatçıların ixtisaslaşma və peşəkar mütəxəssisliyə doğru atılan addımlarında İELTS qeydiyyat və imtahan mərkəzinin mövcudluğu həm strateji uğur, həm vacib mərhələ, həm də hədəfə doğru daha da əlçatanlıq gətirmiş olacaqdır.

 

NDU-nun yeni tədris mexanizmlərinin işləkliyinin təmin olunması, hər şeydən əvvəl, həm bir tələbə üçün çoxistiqamətli elmi biliklərə və bacarıqlara yiyələnmənin, yəni, dünya elminə bələd olmanın, həm də onun olduqca asan, çevik və faydalılıq səviyyəsi yüksək olacaq tərzdə tətbiqinin reallaşması ilə mümkün olmaqdadır. Burada dəqiq və humanitar elmlər üzrə müvafiq ixtisasların vəhdətinin təmin olunması əsasında nəzəri və təcrübi keyfiyyətlərin, həmçinin bacarıqların təkmilləşməsini qeyd etmək olar. Qeyd olunanlarla elmi, texniki, mühəndis, incəsənət və riyazi sahələr üzrə ixtisaslaşmanın aktuallığı diqqəti çəkməkdədir ki, bu da STEAM təhsil mexanizminin mövcudluğuna səmərəli zəmin yaratmaqdadır.

 

STEAM təhsili

 

Naxçıvan Dövlət Universitetində mövcud inkişaf potensialının formalaşması məhz bu sahədəki tədbirlər üçün uğurlu nəticələrə imkan verməkdədir.  NDU-da STEAM təhsil mexanizminin tətbiq olunması və uzaq gələcəyə hesablanan perspektivliliyi üçün yeni təsisatlar da yaradılmaqdadır. Təbii olaraq, burada ali məktəblərlə əlaqəli işlərin səmərəsi də çox olacaq. Nəzərə alsaq ki, ali məktəblər mahiyyət etibarı ilə müasir istehsalın, elmin, texnikanın və mədəniyyətin, iqtisadiyyatın inkişaf perspektivlərinin tələblərinə uyğun yüksəkixtisaslı kadr hazırlığını həyata keçirən və elmi-tədqiqat işləri aparan müəssisələrdir, onda burada STEAM təhsilinin yaradılması ümumilikdə, sosial-iqtisadi mahiyyətinə görə də aktuallıq qazanmış olacaq. İlk olaraq, Naxçıvan Dövlət Universitetində 14 dekabr 2020-ci il tarixində Ali Məclisin Sədri tərəfindən yaradılan və inşası uğurla davam edən Texnologiyalar Parkı STEAM mahiyyətli ixtisaslaşmaları, araşdırmaları və tətbiq imkanlarını artıracaq. Orada universitetin həm də fakültələri üzrə elmi tədqiqat, texnologiya, mühəndislik, sənət və riyazi keyfiyyətli fəaliyyəti üçün əlaqəli mobillik təmin olunacaq. Universitetdə STEAM təhsilinin yaratmış olduğu perspektivlər nəticəsində təkcə memarlıq və mühəndis fakültəsində:

 

  • - ətraf mühitin çirklənməsinin qarşısınını alınması ilə ekoloji mühitin qorunması;
  • - su itkisinin qarşısının alınması ilə meliorasiya;
  • - istixanalarda suvarma sistemi, istilik və nəmliyin avtomatlaşdırılması;
  • - binaların ağıllı sistemlə idarə olunması ilə memarlıq;
  • - əşyaların idarə olunması ilə avtomatlaşdırma;
  • - mürəkkəb qrafiki şəkillərin çəkilməsi üçün Plotter qurğusunun hazırlanması;
  • - avtonəqliyyat vasitələrinin səslə və wifi ilə idarə olunması;
  • - robototexnika kabinəsində uzaqdan idarə etməklə, evdəki əşyaların idarə olunması və s. sahələrində əlçatanlıq təmin olunacaq. Qeyd olunan sahələrdə, ali məktəbin həm də digər müvafiq fakültələri üzrə nəzəri əsaslandırmalara söykənən ideya mübadiləsi üçün də əlverişli zəmin yaranmış olacaq ki, bu da STEAM-ın Texnopark əsaslı səmərəliliyini yüksəldəcək.

 

Beynəlxalq əməkdaşlıq

 

Bu günlər Naxçıvan Dövlət Universitetinin beynəlxalq əməkdaşlıqlarında tamamilə yeni səhifənin ifadəsi olan tarix yaşanmaqdadır. Belə ki, elmin və texnologiyanın həm də ən son nailiyyətlərinə istinad edən təcrübə ilə Yaponiya ali məktəblərinə əməkdaşlıq səfərlərinin başladılması universitetimizin hazırkı potensialının davamlılığını, şaxələndirilməsini və rəqabətliliyini bir daha göstərməkdədir. Eyni zamanda, buna, artıq Texnopark istiqamətli təhsilin, ideyaya söykənən tədrisin daha böyük arenada özünə dəstək tapmasının məntiqi nəticəsi olaraq da baxmaq olar. Yəni, Yaponiyanın Fujita Universitetində Asiya Universitetlərinin Sammiti - 2022-nin açılış mərasimində ali məktəbimizin rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı hər birimizdə prioritet hədəflər üçün ümidləri daha da artırmış olur.

 

Səfərin gedişi müddətində gələcəyə söykənən, sabahın alimlərinin, mütəxəssislərinin hazırlanması və bu sahələr üzrə kadr ehtiyatlarının və insan potensialının inkişafını diqqətdə saxlayan nümayəndə heyətimiz əlamətdar tədbirlərdə iştirak etmişdir.

 

Naxçıvan Dövlət Universitetinin Yaponiya dövlətinin elm və təhsil sahələri üzrə aparıcı şirkətlərinin səlahiyyətli nümayəndələri ilə əməkdaşlıqları daha sağlam və etibarlı araşdırma mühitinin əsaslarını qoymuş olacaq. Bu ölkədə keçirilən hər bir görüşün həm də çox yaxın gələcəkdə ali məktəbimizin hazırkı potensialına böyük sıçrayışa bərabər dinamika gətircəyini deməyə əsaslarımız çoxdur.

 

Xüsusilə, universitetimizin rektoru Elbrus İsayevin 150 ilə yaxın yaşı olan Elsevier şirkətinin rəhbərliyi ilə görüşü malik olduğu yüksək mahiyyəti ilə xarakterikdir. Araşdırmalardan da aydın olduğu kimi hələ 1880-ci ildə Hollandiyada təsis olunmuş bu şirkət elmi mənbə və tədqiqat mərkəzi olaraq məşhurlaşmışdır. Elsevier şirkətinin daha da aktuallaşan zəruriliyi, hazırda, çoxsaylı elmi araşdırma və tədqiqatyönümlü əhəmiyyətinə görə seçilmiş olan 3000-ə yaxın jurnal, 33000-dən çox elektron təyinatlı vəsaitləri və mənbələri ilə elm dünyasına və araşdırmaçılara xidmət etməkdədir. Naxçıvan Dövlət Universitetinin başlatmış olduğu inkişaf tədbirlərinin içərisində Elsevier şirkətinin  yeri və nailiyyətləri də böyük olacaq. Bu dövrdən etibarən yaranan əməkdaşlıqlar universitetimizin alim və mütəxəssislərinin çoxistiqamətli qrant layihələrində daha səmərəli təmsil olunması, eyni zamanda, gəlmiş olduqları elmi qənaətlərin qloballaşan dünyanın nüfuzlu nəşrlərində yayınlamaları üçün gerçək zəmin yaratmış olacaq.

 

NDU rektorunun rəhbərliyi ilə reallaşan əməkdaşlıq münasibətlərinin səmərəliliyi bir daha göstərir ki, gələcəyə istiqamətlənmiş yol və hədəflər düzgün müəyyən olunmuş, onu təşkil edən resurslardan istifadədə səmərəlilik meyarları diqqətdə saxlanılmış və tarixi-milli dəyərlər nəzərə alınmışdır.

 

Müasirləşən elm, qloballaşan çağırışlar...

 

Bu gün Naxçıvan Dövlət Universitetində həyata keçirilən tədbirlər ixtisaslaşma və elmi araşdırma vərdişlərinin, eyni zamanda, kadr hazırlığının milli iqtisadiyyat üçün, həmçinin onun istehsal və xidmət sektorlarının fasiləsizliyinin təmin olunması istiqamətindəki məqsədyönlü proseslər üzrə təşəkkül tapmaqdadır. Məhz Yaponiya səfərində də xidmət sektoruna xas olan istiqamətlər üzrə kadr hazırlığı sahəsində təcrübənin həm öyrənilməsi, həm də tətbiqi diqqətdə saxlanılmışdır. Həmin sahədə Yaponiya Universitetlərinin Robot texnologiyaları sərgisində təqdim olunan “Robot Revolution” proqramının önəmini qeyd etmək yerinə düşər. Səfər çərçivəsində həmin texnologiya məhsulu barəsində xoş təəssüratını bölüşən rektorumuzun qənaətinə görə, robotun əsas hədəfi indiyədək əsasən sənayedə istifadə olunan robotlarla bərabər məişətdə istifadə olunan xidməti robotların sayını artırmaqdır. Hazırda dünyada sənaye robotlarının sayı 1,6 milyondur ki, bu da, xidməti robotlardan 10 dəfə çoxdur. Lakin vəziyyət kəskin dəyişəcək. Belə ki, yaxın 10-15 il ərzində robototexnikanın dinamik inkişafı məhz xidməti sahənin payına düşəcək.

 

Hazırda, müvafiq proseslərin yönü, nəticəsi və araşdırma nəticələri də göstərir ki, kadr hazırlığının təmin olunmasında həm də xidmət sektorunun və bazarının tələblərinə uyğun olan ixtisaslaşmanın nəzərə alınması aktuallığı ilə seçilir. Xüsusilə, bu anlayış, qeyri-istehsal sahələri üzrə fəaliyyət göstərən müəssisələrin fəaliyyətinin nəticəsi olan xidmətlərin mübadiləsi sektoru olaraq özünü göstərir. Elə Naxçıvan Dövlət Universitetinin modern çağırışlar əsasında kadr hazırlığının həyata keçirilməsində də bu amillər nəzərə alınmaqdadır.

 

Beləliklə, Naxçıvan Dövlət Universiteti müasirləşən elm, modernləşən proseslər və qloballaşan çağırışlar əsasında olduqca mütərəqqi təhsilə doğru qətiyyətlə addımlamaqdadır. Bu yol, həm də universitetimizin hər bir müəlliminin, hər bir tələbəsinin yoludur. Bu yol gələcəyin yoludur.

 

Cavadxan QASIMOV,

Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru