Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Universitetinin magistrantlarının birgə konfransı keçirilib.

 

Magistratura mərkəzinin direktoru, biologiya elmləri doktoru Etibar Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikada təhsilə göstərilən qayğının nəticəsində magistratura üzrə dekanlıq əsaslı şəkildə yenidən qurulub və müasir kommunikasiya vasitələri ilə təmin olunan binada fəaliyyət göstərir. Magistrantlar yaradılan bu səmərəli şəraitdən bəhrələnərək respublikanın müxtəlif ali təhsil müəssisələrində və xarici ölkələrdə keçirilən elmi konfranslarda iştirak edirlər. Qeyd olunub ki, hazırda universitetin magistratura təhsil səviyyəsində I kurslarda 67 ixtisaslaşma üzrə 223, II kurslarda isə 64 ixtisaslaşma üzrə 199 magistrant təhsil alır. Bu il keçirilən magistraturaya qəbulun nəticələrinə görə, bakalavr mərhələsini bitirən məzunların 600-dən artıq nəfəri imtahanda iştirak edib, bunlardan 355 nəfər müsabiqə şərtlərini ödəyərək ixtisas seçimində iştirak etmək hüququ qazanıb. Müsabiqə şərtlərini ödəyən 355 nəfər Magistratura mərkəzində ayrılan 250 yer üzrə sənədlərini təqdim edəcək:”Muxtar respublikada elm, təhsil üçün yaradılan münbit şəraitin nəticəsidir ki, Azərbaycanın digər bölgələrindən məhz NDU-nun magistraturasını seçənlər var. Belə ki, 30 magistrant ixtisas seçimində ilk olaraq məhz Naxçıvan Dövlət Universitetini seçib”.

 

Universitetin rektoru Elbrus İsayev konfransda çıxış edərək muxtar respublikada yerləşən ali təhsil müəssisələrinin magistrantlarının elmi konfranslarının keçirilməsinin artıq ənənə halını aldığını vurğulayıb. İxtisaslı kadrların hazırlanmasında magistr pilləsinin mühüm əhəmiyyətindən danışan rektor bu gün universitetin magistraturasını bitirən məzunların muxtar respublikanın elm, təhsil sahəsinə töhfələr verdiyini deyib. E.İsayev universitetdə yaradılması nəzərdə tutulan Texnologiyalar Parkının magistraturada təhsil alan tələbələrin öz bacarıqlarını nümayiş etdirmələri baxımından mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb. Eyni zamanda vurğulanıb ki, tələbələr gələcəkdə Texnopark vasitəsilə beynəlxalq şirkətlərlə də əməkdaşlıq etmək imkanı qazanacaqlar.

 

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov isə bildirib ki, konfransların keçirilməsi tələbələrin elmi-tədqiqat işlərinin qiymətləndirilməsi baxımından xüsusi rola malikdir.

 

Təhsilin və elmin qarşısında duran əsas vəzifənin yüksək ixtisaslı kadrların hazırlanması olduğunu vurğulayan Naxçıvan Universitetinin rektoru Nurlana Əliyeva söyləyib  ki, universitetdə 9 ixtisas üzrə magistr hazırlığı həyata keçirilir. Rektor hər üç ali təhsil müəssisənin qatıldığı birgə konfransın əhəmiyyətini vurğulayıb.

 

Konfrans 12 bölmədə öz işini davam etdirib. Bölmələrdə magistrantların yazdıqları dissertasiya işləri dinlənilib və qiymətləndirilib.