Naxçıvan Dövlət Universitetinin tələbələri arasında keçirilən futbol çempionatının final mərhələsi baş tutub.

 

Cari tədris ili müddətində davam edən çempionatda 250 tələbənin iştirakı ilə, ümumilikdə 16 komanda mübarizə aparıb. Uzunoba təlim-məşq idman kompleksində reallaşan final mərhələsində universitetin pedaqoji və incəsənət  fakültələri qarşılaşıb. Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov universitetin idman sahəsində qazanılan nailiyyətlərindən bəhs edib və final mərhələsinə keçmə haqqı qazanan komandaları təbrik edərək, onlara uğurlar arzulayıb.

 

Sonra oyuna start verilib. Qeyd edək ki, gərgin mübarizə şəraitində keçən qarşılaşma zamanı komandalar peşəkarlıq nümayiş etdiriblər. Oyunun birinci mərhələsi  pedaqoji fakültənin 3:0 üstünlüyü ilə yekunlaşıb. Qarşılaşmanın ikinci yarısının ilk dəqiqələrində incəsənət fakültəsinin komandası hesab arasındakı fərqi 2 xala endirsə də, pedaqoji fakültənin komandası sonrakı dəqiqələrdə daha 2 qol vuraraq hesab arasındaki fərqi daha da artırıb. Gərgin qarşılaşmanın sonunda pedaqoji fakültə 5:1 hesabı ilə qalib gələrək, universitet tələbələri arasında keçirilən futbol çempionatında I yerdə qərarlaşıb.

 

Daha sonra universitetin rektoru Elbrus İsayev hər iki komandanı təbrik edərək, qalib komandaya kubok, komanda üzvlərinə diplom və medallar təqdim edib. Rektor II yerin sahiblərini isə medal və diplomla mükafatlandırıb. Fiziki tərbiyə və idman oyunları kafedrasının dosenti  Yusif Vəliyev təşəkkürnamə ilə təltif olunub.