Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Bolqarıstanın Ruse şəhərində keçirilən "Dance for Food"(Qida üçün rəqs) festivalının təşkilat komitəsində təmsil olunublar. Onlar Neft-qaz mühəndisliyi ixtisasının tələbələri Hüseyn Abızadə, Nicat Səfərəliyev və Kimya mühəndisliyi ixtisasının tələbələri Zəhraxanım Əliyeva və Mədinə Ziyadxanovadır.

 

Ali Məktəbdən bildirilib ki, festivalın əsas məqsədi qida tullantılarının azaldılması və mədəniyyətlərarası mübadiləni artırmaqdır.

 

Müxtəlif ölkələr arasında təşkil olunmuş seçim mərhələsini uğurla keçən BANM tələbələrinin bütün xərclərini Erasmus+ proqramı qarşılayıb. Beləliklə, onlar Azərbaycanı beynəlxalq festivalda təmsil etmək hüququ qazanıblar.

 

”Dance for Food" festivalı Erasmus+, Avropa Həmrəylik Korpusu və Ruse Cəmiyyətə və Gənclərə dəstək Assosiasiyasının (RAPO) əməkdaşlığı ilə keçirilib. 14 gün davam edən festivalda BANM-in tələbələri Azərbaycanın milli-mənəvi dəyərlərini təbliğ etməklə yanaşı, qlobal problemlərə toxunan təqdimatlar keçiriblər. Onlar "Davamlı inkişaf məqsədləri", "Qida tullantılarının ətraf mühitə təsiri" və "Ərzaq çatışmazlığının insan hüquqlarına təsiri" mövzularında çıxışlar ediblər.