Məlum olduğu kimi, Mingəçevir şəhər Kür Olimpiya İdman Tədris Mərkəzində ölkə üzrə gənc alim və mütəxəssislərin, müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə Gənc mühəndislərin yay düşərgəsi keçirilir.

 

Düşərgə çərçivəsində müxtəlif istiqamətlər üzrə keçirilmiş əyani-praktik təlimlərdə Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC-nin direktoru Zahir Nəsirov, Radiasiya Problemləri İnistitutunun əməktaşları Ramin Səttarov və Mustafa  Kazımov iştirak ediblər.

 

Təlimdə Zahir  Nəsirov müəssisənin fəaliyyət istiqamətləri, burada görülən işlər, eləcə də Yüksək Texnologiyalar Parkında yaradılmış şərait haqqında gənclərə  məlumat verib, onlara öz ideyalarını reallaşdırmaq məqsədilə bu imkanlardan yararlanmağı tövsiyyə edib.

 

Daha sonra təlimçi Ramin  Səttarov pilotsuz uçuş aparatlarının təsnifatı (PUA), onların aerodinamik əsasları, PUA-ın elektronikası, eyni zamanda, PUA-nın yaradılmasında əsas mərhələ sayılan proqram təminatı sahəsində masterklas keçib. 

 

O, PUA-ların fərqləri, özünəməxsus üstünlükləri və tətbiqləri barədə danışıb. Həmçinin müasir elmi yeniliklər, elektronika və proqramlaşma sahəsindəki təcrübəsini gənclərlə bölüşüb. 

 

R.Səttarov proqramlaşdırmaya marağı olan gənclərə hansı proqramlaşdırma dillərindən  istifadə etmələrinə dair istiqamətlər verib. Bildirib ki, yaradıcı gənclər daim özlərini inkişaf etdirməli, müasir biliklərə yiyələnməli, müasir texnologiyaların imkanlarından yüksək səviyyədə istifadəni bacarmalıdırlar.

 

Sonda R.Səttarov Radiasiya Problemləri İnstitutunun İnnovasiya mərkəzi ilə Elm Texnologiya Parkının birgə hazırladığı “Məsafədən radioekoloji monitorinq sistemi” haqqında məlumat verərək, bu qurğunun tətbiq imkanlarından danışıb.

 

Təlim proqramı gənclərin böyük marağına səbəb olub. Fərdi olaraq gənclərlə söhbətlər aparılıb, onların ideyaları dinlənilib, sualları cavablandırılıb.