Bakı Dövlət Universitetində (BDU) “AZMUN - ölkəmizdə BMT Modeli klubları şəbəkəsinin fəaliyyətinin dəstəklənməsi” proqramı çərçivəsində məlumat sessiyası keçirilib.

 

Universitetdən verilən məlumata görə, tədbirdə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bu cür klubların yaradılmasının gənclərimizin potensialını üzə çıxarmaq baxımından çox əhəmiyyətli olduğunu diqqətə çatdırıb, gənclər siyasəti istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. 

 

Daha sonra çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli qeyd edib ki, BMT Modeli klubları BMT orqanlarının simulyasiyasını həyata keçirir, tələbələrdə natiqlik qabiliyyətini inkişaf etdirir, eyni zamanda onlarda təmsil olunduqları nümayəndə heyətini düzgün təqdim etmək vərdişləri aşılayır. 

 

Çıxışlarda, həmçinin Azərbaycanda BMT Modeli Hərəkatının fəaliyyətinə toxunulub, natiqlər, ali və orta ixtisas təhsili müəssisələrində BMT Modeli klublarının yaradılması, konfransların keçirilməsi və klublara üzv gənclərin şəbəkəsinin genişləndirilməsinin vacibliyini qeyd ediblər. Eyni zamanda AzMUN Proqramının gələcək fəaliyyət planı açıqlanıb. Plana görə, BMT Modeli konfranslarının keçirilməsi, BMT Modeli klublarının şəbəkələşmə görüşləri, həmçinin ekspertlərlə təlimlər nəzərdə tutulub.  

 

Daha sonra tələbələr arasında İsrail-Fələstin münaqişəsi mövzusunda keçirilən qısa simulyasiya oyunu gənclər tərəfindən böyük maraqla qarşılanıb. Simulyasiya zamanı gənclər müxtəlif ölkələrin nümayəndələri rolunda çıxış edərək təmsil olunduqları ölkələrin sözügedən münaqişə barədə mövqelərini bildiriblər.

 

Qeyd edək ki, BMT Modeli konfranslarında iştirak tələbələrə ictimai nitq, diplomatiya, liderlik bacarıqları qazandırır. Bundan əlavə, onlara BMT orqanlarının iş prinsipi ilə tanış olmaq, ölkəmizi beynəlxalq arenada təmsil etmək istiqamətində təcrübə toplamaq imkanı yaradılır.