Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində sentyabrın 12-də Ermənistanın genişmiqyaslı təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Erkin Hüseynovun xatirəsinə həsr olunmuş “Şəhidlər ölmür” adlı tədbir keçirilib.

 

Əvvəlcə Vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Fakültə dekanı Rövşən Cavadov Erkin Hüseynovun 2016-2020-ci illərdə fəlsəfə ixtisası üzrə təhsil aldığını, tələbə vaxtı özünü mükəmməl şəxsiyyət kimi göstərdiyini, bütün müəllim heyəti və dostlarının dərin hörmətini qazandığını bildirib.

 

Tədbirdə fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, Fəlsəfə və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova, Fəlsəfə kafedrasının müdiri, dosent Kəmalə Pənahova və müəllimlər Erkin Hüseynov haqqında xoş xatirələrini bölüşüblər.