Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə fakültənin Vətən müharibəsində şəhid olan məzunu Ceyhun Nüsrətli və onun timsalında torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda canını qurban vermiş bütün şəhidlərimizin xatirələrinə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı anım tədbiri keçirilib.

 

Tədbirdə rektor, professor Cəfər Cəfərov, prorektorlar, müvafiq struktur rəhbərləri, 400 nəfərədək müəllim və tələbə, həmçinin tələbə valideynləri iştirak ediblər.

 

Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində Vətən müharibəsi şəhidlərinə həsr olunmuş foto-sərgi ilə tanış olublar.

 

Açılış nitqi ilə çıxış edən fakültə dekanı, dosent Elnarə Mehbalıyeva qeyd edib ki, Vətən müharibəsində şəhid olan ADPU-nun 13 məzunundan biri, fakültənin məzunu Ceyhun Nüsrətli sentyabrın 29-da şəhadətə yüksəlib.

 

Dekan universitetdə şəhidlərin xatirəsinə həsr edilən müxtəlif tədbirlərdən söz açaraq, əksər şəhid məzun ailələrinin ziyarət edildiyini vurğulayıb.

 

Tədbirdə Vətən müharibəsi şəhidlərinə və şəhid Ceyhunun həyat yoluna həsr edilmiş videoçarxlar, fakültə tələbələrinin hazırladıqları "Mən şəhidəm" və "Sən azadsan" adlı ədəbi-bədii kompozisiyalar nümayiş olunub, tələbələr vətənpərvərlik ruhunda nitqlər söyləyib, şeir və musiqilər ifa ediblər.