Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” layihəsi çərçivəsində 3-7 oktyabr tarixlərində Fransada növbəti bir həftəlik təlim proqramı öz işinə başlayıb.

 

Fransa Beynəlxalq Təhsil təşkilatında keçirilən ilk görüşdə layihə konsorsiumunun üzvü olan Azərbaycan universitetlərinin rektorları, elm və təhsil nazirinin müşaviri,  prorektorlar, o cümlədən digər səlahiyyətli universitet nümayəndələri iştirak edirlər.

 

Təşkilatın beynəlxalq əlaqələr üzrə koordinatoru və Rouen Universitetinin keçmiş prezidenti Jean-Luc Nahel tədbiri giriş sözü ilə açaraq bütün qonaqları Fransada görməkdən məmnunluğunu ifadə edib. Təşkilatın təhsil əməkdaşlığı departamentinin direktor müavini Bruno Kurval isə layihə çərçivəsindəki sıx əməkdaşlığın uğurla davam etdiyini və təlim proqramının faydalı olacağını vurğulayıb.

 

Daha sonra Rennes Universitetinin prezidenti David Alis tədbirdə onlayn formatda iştirak edərək “Rektor konfranslarında komitələrin rolu və fəaliyyəti” mövzusunda geniş təqdimatla çıxış edib. O, konfransın tərkibində fəaliyyət göstərən müvafiq komitələrin vacibliyinə toxunaraq onların fəaliyyət istiqamətləri, təşkilati strukturu, funksiyaları barədə təcrübələrini bölüşüb. Çıxışlardan sonra iştirakçılar arasında faydalı müzakirə və fikir mübadilələri aparılıb.

 

Təlimdə Azərbaycan Texnologiya Universitetini (UTECA) Tədris şöbəsinin müdiri Raqif Hüseynov təmsil edir.