Bakı Mühəndislik Universiteti (BMU) hər il olduğu kimi, cari tədris ilində də ölkəmizdə ali təhsil almaq istəyən əcnəbilərin diqqət mərkəzində olub. Belə ki, builki tədris ilində BMU-da təhsil alan xarici tələbələr sırasına yeni ölkələrin vətəndaşları qatılıb və ölkələrin sayı 22-dən 27-yə yüksəlib.

 

Təhsilin müxtəlif pillələri üzrə (bakalavr, magistr və doktorantura) BMU-da təhsil alan tələbələr sırasına Türkiyə, Pakistan, Şri-Lanka, Yəmən, Nigeriya, Filippin, İran, Cənubi Koreya, Honduras, Nepal, Mərakeş, Benin, Banqladeş, Gürcüstan, Rusiya və digər ölkələrin vətəndaşları daxildir.

 

BMU-ya bu il qəbul olan əcnəbi tələbələrin arasında fərdi şəkildə müraciət edən və ya Dövlət İmtahan Mərkəzi (DİM) yolu ilə qəbul olan tələbələrlə yanaşı, Təhsil Qrantı (TQP), həmçinin Hökumətlərarası Təhsil proqramları (HTP) çərçivəsində daxil olan tələbələr də var.

 

BMU-da ingilis dilinə üstünlük verən tədris sisteminin mövcudluğu, təhsilin müasir metodlar əsasında yüksək keyfiyyətdə tədris olunması, xarici ölkələrdə təcrübə keçmə imkanı, tələbə mübadiləsi və s. kimi üstünlük yaradan amillər əcnəbi vətəndaşlar arasında BMU seçiminə əsas verən başlıca səbəblərdəndir. Bununla yanaşı, BMU-ya təhsil almaq üçün müraciət edən xarici vətəndaşlara universitetin Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsi tərəfindən düzgün istiqamət və hər cür dəstək göstərilməkdədir.

 

Əcnəbi tələbələrin cari tədris ilində BMU-da seçdiyi ixtisaslara gəlincə, onlar, əsasən Kompüter mühəndisliyi, Memarlıq, Kompüter elmləri, Sənaye mühəndisliyi, Mexanika mühəndisliyi, Kimya mühəndisliyi (bakalavr və magistratura səviyyələri üzrə), İnformasiya texnologiyaları (bakalavr və magistratura səviyyələri) ixtisaslarına üstünlük veriblər.