"Azərişıq" ASC-nin Tədris Mərkəzinin nümayəndələri SDU-da tələbələrlə görüşüb


Sumqayıt Dövlət Universitetində (SDU) "Azərişıq" ASC-nin Tədris Mərkəzinin nümayəndələri ilə fizika və elektroenergetika, mühəndislik, eləcə də  kimya və biologiya  fakültələrinin mühəndislik ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

         

Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent  Elmar  Xəlilov Prezident İlham Əliyev tərəfindən imzalanmış dövlət proqramlarının uğurla həyata keçirilməsindən bəhs edərək bildirib ki, bu gün Azərbaycanda ölkə iqtisadiyyatını və əhalisini elektrik enerjisi ilə təmin edən güclü enerji sistemi mövcuddur:”Çoxşaxəli və mürəkkəb bir sahə olan energetika sənayesində indi ixtisaslı kadrlara ehtiyac var. Hazırda ölkədə təhsilin müxtəlif səviyyələrində energetika sektoru üçün mütəxəssislər hazırlanır. Bu istiqamətdə ölkə başçısı tərəfindən təsdiq olunmuş dövlət proqramları uğurla icra olunur, yeni nəsil mütəxəssislər yetişdirilir. Bu baxımdan Sumqayıt Dövlət Universitetində də bu istiqamətdə müəyyən işlər görülüb. Belə ki, SDU-nun Elektromexanika kafedrasının “Azərişıq”ASC-nin Tədris Mərkəzində açılmış filialında tələbələr müəyyən laboratoriya dərslərini yerinə yetirir və gənc mütəxəssis kimi “Azərişıq”  ASC-də işlə təmin olunurlar”.

 

“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə  təmsil etdiyi qurumda həyata keçirilən yeniliklər barədə danışıb. Qeyd edib ki, mövcud kadr potensialının günün tələblərinə uyğun təkmilləşdirilməsi və yeni gənc kadrların müasir səviyyədə hazırlanması  “Azərişıq” ASC-nin Tədris Mərkəzinin başlıca prioritetlərindəndir. Bu məqsədlə qurulan hər bir əlaqə, imzalanan hər bir müqavilə münasibətlərin gələcək perspektivlərini müəyyən edir. A.Məmmədzadə onu da diqqətə çatdırıb ki, müəssisə və universitet arasında yaranan əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətli olmaqla yanaşı, ölkəmizin kadr potensialının inkişafına böyük töhfələr verir.

 

A.Məmmədzadə,  həmçinin “Azərişıq” ASC-nin strateji inkişaf planından danışıb və işğaldan azad olunmuş ərazilərdə “Azərişıq” tərəfindən aparılan yenidənqurma, bərpa işləri, digər innovativ yeniliklərlə bağlı ətraflı məlumat verib.

 

Sonra Qarabağda görülən işlərdən bəhs edən “İşıqlı Qarabağ” filmi nümayiş olunub.

 

Tədbirdə, həmçinin “Azərişıq” ilə SDU arasında sıx əməkdaşlıqdan danışılıb. Tələbələrin “Azərişıq” ASC-nin strukturlarında praktiki təcrübə keçmək imkanlarının genişləndirilməsi, işlə təmin olunmaları ilə yanaşı, karyera qurmaq, gələcəkdə vətənə, ölkəyə faydalı gənc mütəxəssis kimi formalaşmaları barədə, eyni zamanda elektroenergetika sahəsində aparılan genişmiqyaslı müasirləşmə layihələri və bərpa olunan enerji mənbələrinin tətbiqi üzrə həyata keçirilən islahatlar haqqında məlumat verilib.

 

Tədbir tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.