Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Virtual Qarabağ” İKT Mərkəzinin layihəsi əsasında “Şanlı Zəfərimiz müharibə iştirakçılarının gözü ilə” adlı tədbir keçirilib.

 

Açılış nitqi ilə çıxış edən layihə rəhbəri Aidə Ramiz bildirib ki, layihənin əsas məqsədi Vətən müharibəsində qazandığımız tarixi Zəfərimizin qazilərimizin dilindən gənclərimizə təbliğ olunması, qəhrəman döyüşçülərlə tələbələrin görüşünün və ünsiyyətinin təmin edilməsidir.

 

Daha sonra Vətən müharibəsi qaziləri Ülvi Qədir, Hasil Hümbətov və Ramin Məmmədov 44 günlük savaşla bağlı öz xatirələrini bölüşüb, Azərbaycan əsgərinin keçdiyi şərəfli döyüş yolu haqqında söz açıblar.

 

Tələbələrin böyük marağını cəlb edən görüşdə qazilər gənclərin suallarını cavablandırıb, Azərbaycan gənclərinin Vətən üçün daim hər şeyə hazır olduğu  diqqətə çatdırılıb.