Sumqayıt Dövlət Universitetinin (SDU) 60 illik yubileyi ilə əlaqədar Böyük Akt zalının foyesində universitetin müxtəlif dövrlərdə fəaliyyətini əks etdirən foto-sərgi təşkil olunub.

 

Professor-müəllim və tələbə heyətinin iştirak etdiyi sərgidə universitetin yarandığı dövrdən bugünədək keçdiyi inkişaf yolu, tədbirlər, görüşlər, xarici və yerli universitetlərlə əməkdaşlıqlarına aid fotolar nümayiş etdirilib.

 

Sərgidə çıxış edən sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilov SDU-nun zəngin ənənələrə malik elmi-pedaqoji fəaliyyətindən söz açıb. Bildirib ki, 1962-ci ildə yaradılan Sumqayıt Dövlət Universiteti böyük inkişaf yolu keçərək bu gün ölkənin və regionun nüfuzlu elm-tədris mərkəzinə çevrilib:”Universitet fəaliyyət göstərdiyi dövrlərdə yalnız Azərbaycanın deyil, həm də keçmiş SSRİ-nin, eləcə də bir sıra xarici ölkələrin sənaye müəssisələrini yüksəkixtisaslı kadrlarla təmin edib, ölkəmizin intellektual potensialının inkişafına dəyərli töhfələr verib”.

 

Universitetin çoxşaxəli fəaliyyətini əks etdirən foto-sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.