Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycanın istiqlal şairi, həyatını bütünlüklə millətinin hürr və azad yaşaması uğrunda mübarizəyə həsr etmiş Əhməd Cavadın 130 illik yubileyi ilə bağlı tədbir keçirilib.

 

Tədbiri universitetin Humanitar fənlər kafedrasının müdiri, professor Camal Mustafayev açaraq Əhməd Cavadın yaşadığı dövrdə mövcud ictimai-siyasi prosesləri şərh edib,  sovet rejiminin, Stalin repressiyalarının millətimizin tarixinə vurduğu zərbələrdən, yüzlərlə insanın, o cümlədən Əhməd Cavadın taleyinə yazılan faciələrdən söz açıb. Q eyd edib ki, sovet rejiminin "xalq düşməni" damğası vurduğu Əhməd Cavad Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən və buna görə də canını fəda edən unudulmaz böyük şair, tanınmış maarifçi və ictimai xadimdir.

 

Tədbirin rəsmi hissəsi bitdikdən sonra universitet tələbələrinin hazırladığı “Şahid və Şəhid şair”adlı bədii-sənədli tamaşa təqdim olunub. Tamaşada Əhməd Cavad müəllim, şair, dost və nəhayət, öz amalı uğurunda şəhid olan vətənvərvər kimi canlandırılıb. Səhnəciklərdə Əhməd Cavadla yanaşı, onun silahdaşları Hüseyn Cavid, Mikayıl Müşfiq və şairin həyat yoldaşı  Şükriyyə xanımın obrazları da yer alıb. Tamaşa ilə paralel, nümayiş etdirilən kinofilmdə isə Əhməd Cavadın həyat və yaradıcılığından bəhs edilib.

 

Yubiley mərasimini yekun nitqi ilə tamamlayan ADNSU-nun rektoru, professor Mustafa Babanlı qeyd edib ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış unudulmaz şəxsiyyətdir. Belə bir şəxsiyyət haqqında universitetin əməkdaşları və tələbələri tərəfindən təmtəraqlı gecənin təşkil edilməsini yüksək qiymətləndirən rektor tamaşanın ssenaristi Vəfa Abbasovaya, təşkilatçısı Sürəyya Nağıyevaya, Tələbə Həmkarlar İttifaqına və əməyi keçən bütün əməkdaşlara təşəkkürünü bildirib. O, həmçinin müasir Azərbaycan gəncliyinin, o cümlədən ADNSU tələbələrinin tariximizə və ədəbiyyatımıza, onları yazan və yaradan  şəxsiyyətlərə olan istəklərini yüksək dəyərləndirib.