Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Gənclər Fondunun “İstedadlı tələbələrin təhsil qrantı” layihəsi ilə bağlı görüş keçirilib.

 

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu bildirib və BDU-da həyata keçirilən sosial layihələrdən danışıb.

 

BDU-nun Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənov universitet tələbələrinin Azərbaycan Gənclər Fondunun müxtəlif sosial layihələrində fəal iştirak etdiyini söyləyərək, “İstedadlı tələbələrin təhsil qrantı” layihəsinə də marağın yüksək olduğunu diqqətə çatdırıb.

 

Fondun Gənclərlə iş şöbəsinin mütəxəssisi Ülvi Adıgözəlov müsabiqə haqqında tələbələrə geniş məlumat verib. Bildirib ki, Azərbaycan Gənclər Fondu sosial həssas əhali kateqoriyasına aid olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqəni elan edib. Müsabiqənin əsas məqsədi təhsilin gənclər üçün daha da əlçatan edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsidir.

 

Görüş zamanı tələbələrə məlumat verilib ki, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə şamil ediləcək müsabiqədən əyani və qiyabi təhsilalma formaları üzrə bakalavr və magistr təhsili alanlar yararlana biləcəklər.

 

Sonda müsabiqə ilə bağlı tələbələrin sualları cavablandırılıb.