Bakı Slavyan Universitetində (BSU ) 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Milli Məclisin deputatları, universitetin rəhbərliyi, professor-müəllim heyəti, Vətən müharibəsi  qaziləri, şəhid valideynləri iştirak ediblər. 

 

Qələbəyə aid videoçarxın nümayişindən sonra çıxış edən BSU-nun rektoru Anar Nağıyev Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttini və ideyalarını uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad edən şanlı Azərbaycan Ordusu xalqımıza Möhtəşəm Zəfər yaşadıb. Rektor Zəfər Gününün təsis edilməsi haqqında  Prezident  sərəncamının tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, artıq  ikinci ildir qəhrəman şəhidlərimizin qanı və canı bahasına qazanılan Qələbəni qürurla qeyd edirik.

 

A.Nağıyev 30 illik işğala son qoyulması ilə Azərbaycanın  yeni tarixi dönəmə - daha da inkişaf edən, daha da çiçəklənən dövrə  qədəm qoyduğunu vurğulayıb.

 

Milli Məclisin deputatı Arzu Nağıyev “Azərbaycanın təcavüzkar üzərində qələbəsinə səbəb olan siyasi addımlar və əsas istiqamətlər” adlı məruzəsində Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyinin hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdiyini ifadə edib.

 

Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd “Azərbaycanın tarixi qələbəsinin nəticələri (tarixi xronika)” adlı məruzəsində  44 gün davam edən əməliyyatlar nəticəsində işğal olunmuş torpaqların geri qaytarılması ilə Azərbaycanın suveren haqlarının bərpa olunduğunu deyib. Bu tarixi qələbə nəticəsində Azərbaycanın Cənubi Qafqaz regionunun lider ölkəsi olduğunu bütün beynəlxalq ictimaiyyətə sübut etdiyini bildirib.

 

Milli Məclisin deputatı Elman Nəsirov Qarabağ nisgilinə son qoyan qəhrəman oğullarımızdan danışıb.

 

Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə “Zəfərimiz dünya mətbuatında” adlı məruzəsində Prezident İlham Əliyevin prinsipial mövqeyinin informasiya məkanında da uğurlarımızı təmin etdiyini deyib.

 

Milli Məclisin deputatı Vüqar Bayramov Vətən müharibəsinin başa çatdığı ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə əsas kommunikasiyaların bərpası və zəruri infrastrukturun yaradılması tədbirlərinə başlanılmasından danışıb.

 

Sonra BSU-nun şəhid məzunlarına həsr edilmiş videoçarx nümayiş olunub.

 

Sonda BSU-nun Məktəb-lisey kompleksinin şagirdlərindən ibarət xor kollektivi “Yaşa Azərbaycan!” mahnısını ifa edib.