ABŞ-ın Missuri Universitetinin professoru, genom redaktəsi üzrə tanınmış alim Binq Yanq Bakı Dövlət Universitetində (BDU) seminar keçib.

 

“Bitkilərdə genom redaktəsi” adlı seminarda, ilk növbədə Missuri Universitetinin tarixi, fəaliyyəti, tədqiqat sahələri və laboratoriyaları haqqında məlumat verilib. Seminar çərçivəsində bitkilərin müxtəlif stress faktorlarına davamlılığının artırılması məqsədilə neqativ genlərin təyin edilərək mutasiya olunması, plazmid konstruksiyası və bakteriyaya yeridilməsi, bitki hüceyrələrinin transformasiyası ilə stresslərə davamlı genotiplərin yaradılması, bitkilərdə genomun redaktə edilmə texnologiyasının mexanizmləri izah edilib.

 

Seminarda genomun redaktəsi texnologiyası vasitəsilə bitkilərdə CRISPR/Cas 9 rolu və sgRNA (bələdçi RNT) dizayn olunması üsulu barəsində məlumat verilib.

 

Binq Yanq “tal – effector nuclease” və “zinc finger nuclease” texnologiyaları vasitəsilə genomun redaktə olunmasının üstünlükləri, düyü bitkisində SWEET genlərinin susdurulmasının Xanthomonos cinsinə aid bakteriya növlərinin törətdiyi xəstəliklərə qarşı davamlılığının əhəmiyyətini qeyd edib.

 

Seminarda genom redaktəsinin tətbiqi və ərzaq təhlükəsizliyi istiqamətində son illərki tədqiqatların nəticələri və effektivliyinə dair geniş müzakirələr aparılıb.  

 

Sonda Binq Yanq çoxsaylı sualları cavablandırıb.