Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən gənclərin 2021-2022 və ya 2022-2023-cü tədris illəri üzrə təhsil haqqı xərclərinin qarşılanması üzrə həyata keçirilən növbəti müsabiqənin nəticələri açıqlanıb. Nəticələrə əsasən, 431 tələbənin təhsil haqqı xərcinin Gənclər Fondu tərəfindən qarşılanmasına qərar verilib.

 

Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, həmin gənclərdən 33-ü BDU-nun tələbəsidir və ali məktəb Gənclər Fondu tərəfindən təhsil xərci qarşılanan tələbələrin sayına görə ikinci yerdədir. 

 

Qeyd edək ki, sosial həssas əhali kateqoriyalarına aid istedadlı gənclərin təhsil xərcinin qarşılanması məqsədi ilə cari ilin 3 oktyabr – 13 noyabr tarixlərində elan edilən müsabiqəyə 28 dövlət ali təhsil müəssisəsi, 7 filial və 15 orta-ixtisas təhsil müəssisəsindən ümumilikdə 872 müraciət daxil olmuşdu. Ərizə qəbulu prosesində daxil olmuş müraciətlərin texniki ekspertizası və müraciətçinin davamiyyəti, akademik göstəriciləri, yerli və beynəlxalq miqyasda əldə etdiyi nailiyyətləri, sosial həssaslıq dərəcəsi, ictimai fəallığına dair ümumi qiymətləndirmə Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət İmtahan Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birlikdə aparılıb və qaliblər qeyd olunan qurumlardan alınan rəylərə əsasən müəyyən edilib.