ADPU-nun Şamaxı filialı beynəlxalq elmi konfransa tərəfdaşlıq edib


“ELGER” Beynəlxalq elm-tədris mərkəzinin təşkilatçılığı, Azərbaycan Türk Xalqları Qardaşlığı İctimai Birliyi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı, Şamaxı Heydər Əliyev Mərkəzi, Dünya Azərbaycanlıları Platforması və İsveçdəki Azərbaycanlılar Konqresinin tərəfdaşlığı ilə Qırğızıstan və Azərbaycan arasındakı elmi-mədəni əlaqələr çərçivəsində Qırğızıstan Cusup Balasagun Qırğız Milli Universiteti ilə birlikdə  “Elmin aktual problemləri: Türk dünyası və milli birlik işığında” adlı XXXIII beynəlxalq elmi konfrans keçirilib.

 

Onlayn formatda keçirilən konfransda “ELGER” Beynəlxalq elm-tədris mərkəzinin rəhbərlərindən professor Ellada Gərayzadə və dosent İlkin Qulusoy çıxış edərək konfransın təşkilinə dəstək olan qurumlara, o cümlədən ADPU-nun Şamaxı filialına təşəkkür ediblər. Qeyd olunub ki, konfransın məqsədi Türk dünyasında mövcud elmi-mədəni əlaqələri daha da genişləndirməkdir.

 

Çıxış edən filialın direktoru dosent Tünzalə Yusifova qeyd edib ki, son illər filialda keçirilən respublika və beynəlxalq səviyyəli konfranslar filialın elmi-tədqiqat mərkəzinə çevrilmə yolunda mühüm addımlardır.

 

Sonra Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova "Heydər Əliyev bütöv Türk dünyasının lideridir" mövzusunda çıxış edib.

 

Cusup Balasagun Qırğız Milli Universitetinin əməkdaşı Farizat Kuramayeva çıxış edərək, Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri ilə görüşdən məmnunluğunu bildirib, konfransın aktual mövzuların tədqiqat nəticələrini özündə əks etdirəcəyinə inamını söyləyib.

 

Plenar iclasda, həmçinin ADPU-nun dosenti Yeganə Qəhrəmanova "Müasir dövrdə Türk dünyasında milli dil və milli kimlik məsələləri", ADPU-nun Şamaxı filialının dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri Eyvaz Eminalıyev "Oljas Süleymanovun yaradıcılığında türkçülük", ADU-nun baş müəllimi Şahismayıl İsmayılov "Türk xalqları" mövzularında məruzələrini təqdim ediblər.

 

Plenar iclasın sonunda dosent İlkin Qulusoy konfransın bölmələri, materialların çap olunma qaydaları və digər  məsələlər haqqında məlumat verib.

 

Konfrans 7 bölmədə öz işini davam etdirib.