Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən kimya elmləri doktoru, akademik Vaqif Abbasovun və fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Səmədovun biblioqrafik göstəricisi işıq üzü görüb.

 

Akademik Vaqif Abbasova həsr edilən göstərici alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti, 1975-2022-ci illərdə yazılan elmi əsərlərinin, publisistik məqalələrinin siyahısı, rəhbəri və yaxud məsləhətçisi olduğu dissertasiyalar, rus, ingilis dillərində çapdan çıxan elmi və publisistik məqalələri, müəlliflik şəhadətnamələri və patentləri, respublika və beynəlxalq əhəmiyyətli konfrans və simpoziumlardakı çıxışları, haqqında yazılan mənbələri əhatə edir. Kitabdakı əksər materiallar üç dildə (Azərbaycan, rus, ingilis), xronoloji ardıcıllıqla düzülüb.

 

Digər bir alimin əsərlərindən hazırlanmış biblioqrafik göstəricisi isə AMEA-nın müxbir üzvü Oqtay Səmədova həsr edilib. Göstəriciyə alimin 1981-2022-ci illəri əhatə edən həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti, nəşr etdirdiyi kitabları, elmi məqalələri, respublika və xarici ölkələrdə keçirilən konfranslardakı məruzələrinin tezisləri, rəhbərlik və ya opponentlik etdiyi namizədlik (fəlsəfə doktoru) və doktorluq (elmlər doktoru) dissertasiyaları haqqında olan mənbələr daxildir. Göstərici riyaziyyat üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Qeyd edək ki, MEK tərəfindən 2022-ci il ərzində on dörd biblioqrafik göstərici nəşr olunub.