Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Çinin Ay-Günəş təqvimində ən mühüm bayramı olan “Çunjie” (Bahar Festivalı) bayramına – Çin Yeni ilinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfirliyinin müşaviri Dinq Tao qonaqları bahar bayramı münasibətilə təbrik edib, Çin-Azərbaycan dostluq münasibətlərinin mütərəqqi inkişafından, iki ölkə arasında siyasi əlaqələrin möhkəmlənməsindən, iqtisadi, mədəni və təhsil sahəsində əməkdaşlığın genişlənməsindən bəhs edib.

 

ADU-nun prorektoru  Jalə  Qəribova qonaqları Çin Bahar Festivalı münasibətilə təbrik edərək, Azərbaycan və Çin arasında təhsil sahəsində əməkdaşlığın, ADU-da Çin dili və mədəniyyətinin tədrisinin inkişaf etdirilməsinin vacibliyini söyləyib.

 

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov isə qeyd edib ki, Yeni il ay təqviminə görə sabitlik və əmin-amanlığı təcəssüm etdirən, ailə bağlarını möhkəmləndirən dovşan ilidir. R.Abbasov qədim tarixə və zəngin mədəni məzmuna malik ənənəvi Çin bayramlarının keçirilməsinin ADU-nun Konfutsi İnstitutunun fəaliyyətinin mühüm tərkib hissəsi olduğunu fikirlərinə əlavə edib. O, Konfutsi İnstitutunun Azərbaycan ictimaiyyətinin Çinin unikal mənəvi mədəniyyəti ilə daha yaxından tanış olması və tarixən Böyük İpək Yolu ilə bağlı olan Azərbaycan və Çin xalqları arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini vurğulayıb.

 

Tədbirdə Çin dili kurslarının tələbələri və Konfutsi İnstitutunun müəllimləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.  Konsert proqramında ənənəvi Çin mahnı və rəqslərinin ifası, Çin fleytasında “Hulusi” xalq musiqisi, şən müsabiqələrin keçirilməsi, Çin və Azərbaycan mədəniyyətinin elementlərini birləşdirən art-instalyasiyanın təqdimatı da olub.

 

Qeyd edək ki, bundan əvvəl ADU Konfutsi İnstitutu “CÀSÀ.CÀSÀ” Kulinariya İncəsənət Mərkəzi ilə birgə “Çin Yeni ilinin dadı” adlı Çin kulinariya və mədəniyyəti festivalı keçirib. Tədbirdə Çin qonqunun və nağarasının sədaları altında ənənəvi əjdaha rəqsinin nümayişindən və Çin musiqisinin təqdim olunduğu konsertdən sonra Çin düşbərəsinin  hazırlanması, çay mərasimi və xəttatlıq üzrə master-klaslar keçirilib.