Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi Gövhər Beydullayeva Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibəsində ölkə çempionatının olduqca mötəbər yarışma olduğunu söyləyib. Deyib  ki, bu turnirdə iştirak edən altı qrossmeyster, o cümlədən gənc şahmatçılar inamlı mübarizə nümayiş etdirdilər:”Əslində, yarış mənim üçün uğurlu keçmədi. Şükürlər olsun ki, sonda çempion olmağı bacardım. Sadəcə tam ürəyimcə olmadı. Son turlarda lazımi nəticələri əldə etməklə birinci yeri təmin etdim. Ardıcıl ikinci dəfə Azərbaycan çempionatının qalibi oldum. Ötən il yarış 7 turdan ibarət oldu. Keçən ildə də startda ardıcıl üç qələbə qazanmışdım. Bu il 10 tur oynadım. Fərqləndirmək çətindir. Bəlkə də builki yarış daha güclü idi. Çünki son tur ərəfəsində 4 şahmatçı çempionluq şansını saxlayırdı. Ölkə çempionatına bütün şahmatçılar güclü hazırlaşmışdılar. Günay Məmmədzadə və Ülviyyə Fətəliyevadan başqa milli komandadakı digər həmkarlarım bu yarışda iştirak etdi. Gülnar Məmmədova, Xanım Balacayeva yaxşı mübarizə sərgilədi. Gənc şahmatçılardan danışmaq istərdim. Nərmin Abdinova, Ayan Allahverdiyeva yaxşı oynadılar. İnanıram ki, gələcəkdə daha yaxşı oynayacaqlar və reytinqlərini artıracaqlar”.

 

G.Beydullayeva  daha sonra qeyd edib ki, Nərmin Abdinova çempionatda kifayət qədər maraqlı oyun nümayiş etdirdi:”Onunla görüşdə qalib gəldiyimə baxmayaraq çox çətinlik çəkdim. Sanki o, mənim lap uşaqlıqda oynadığım kimi mübarizə aparırdı. Aydın Süleymanlı və Məhəmməd Muradlı mənə dəstək oldular. Hər ikisinə təşəkkür edirəm”.

 

Şahmatçımız mart ayında Avropa çempionatında, həm də dünya kuboku yarışlarında  iştirak etmək üçün vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq:” Dünya kuboku yarışlarında iştirak etmək arzum  demək  olar ki, artıq reallaşıb. Çalışacağam Avropa çempionatında da reytinqimi artırım və mükafatçılar sırasında yer alım”.

 

Sifai SƏFƏROVA