Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) kimya texnologiya fakültəsinin Kimya mühəndisliyi ixtisası üzrə bir qrup  IV kurs tələbəsi Elm və Təhsil Nazirliyinin Aşqarlar  Kimyası  İnstitutunun müvafiq laboratoriyalarında 3 ay müddətində istehsalat təcrübəsi keçəcəklər. Bununla əlaqədar institutun akt zalında təcrübəçi tələblərlə görüş keçirilib.

 

Görüşdə Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru Əfsun Sucayev institutun yaranma tarixi, elmi fəaliyyət istiqamətləri, əldə etdiyi mühüm nailiyyətləri, beynəlxalq əməkdaşlıq əlaqələri, yüksək ixtisaslı kadr hazırlığı haqqında geniş məlumat verib. Təcrübə keçəcək tələbələri institutun laboratoriyaları haqqında məlumatlandırıb və bildirib ki, tələbələr ayrı-ayrı qrup şəklində üç aylıq təcrübə müddətində institutun laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olacaq, bəzi təcrübələri yaxından izləyəcəklər.

 

Tələbələr, eyni zamanda zərif üzvi sintez və aşqarlar kimyası sahəsində institut əməkdaşları tərəfindən prioritet istiqamətlər üzrə yerinə yetirilən və əldə olunan elmi tədqiqatın mühüm nəticələri ilə bağlı seminar məruzələrini dinləyəcəklər.

 

Sonda fəallığı ilə seçilən tələbələrə diplom və  sertifikatlar təqdim olunacaq.