Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Ralf Horlemann Gəncəyə səfəri çərçivəsində Gəncə Dövlət Universitetində (GDU) olub.

 

Səfirlə görüşdə universitetin rektoru Yusif Yusibov qonağa ali təhsil ocağı haqqında ətraflı məlumat verib.

 

Rektor universitetin beynəlxalq əlaqələrindən bəhs edib, ali təhsil ocağının Alman Akademik Mübadilə Xidməti ilə  əməkdaşlığından və əldə edilən uğurlardan danışıb.

 

Səfir Ralf Horlemann GDU-da alman dilinin tədris edilməsini və tələbələrin bu dilə olan marağını yüksək qiymətləndirib. Universitet rəhbərliyinə təşəkkürünü bildirən səfir münasibətlərin bundan sonra daha da inkişaf etməsi üçün dəstək göstəriləcəyini vurğulayıb.  

 

Daha sonra səfir xarici dillər fakültəsində alman şairi Yohan Volfqanq Höte adına auditoriya ilə yaxından tanış olub. Burada fakültənin müəllimləri və Alman dili müəllimliyi ixtisasında təhsil alan tələbələrlə görüşüb.

 

Tələbələrin dil biliklərinin daha da inkişafı üçün görüləcək işlər və Almaniyada təqaüd imkanları haqqında məlumat verilib, müzakirələr aparılıb.