Naxçıvan Müəllimlər İnstitutunda Təsvir incəsənət müəllimliyi ixtisasının IV kurs tələbəsi Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin gənc rəssamlar bölməsinin üzvü Sara Hüseynlinin “Parlayan ulduz” adlı fərdi sərgisi təşkil olunub.

 

İnstitutun rektoru Azad Novruzov ölkəmizdə, o cümlədən muxtar respublikada gənclərə göstərilən diqqət və qayğıdan danışıb, rəssamların, gənc müəllimlərin sərgilərinin keçirilməsi və yaradıcılıqlarının işıqlandırılmasının, institutun Təsviri incəsənət müəllimliyi ixtisası və digər ixtisaslarda təhsil alan istedadlı tələbələrə yaradılan şəraitin, fəaliyyətlərinin  dəstəklənməsinin onlara daha həvəslə çalışmaları üçün stimul olduğunu bildirib. Rektor vurğulayıb ki, təsviri incəsənət sahəsində tələbələrin xeyli uğurları olub, mütəmadi olaraq onların fərdi və hesabat sərgiləri keçirilib.

 

İnstitutun ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Həbibə Allahverdiyeva çıxış edərək gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin öyrədilməsi üçün hərtərəfli şərait, tələbələrin yaradıcılıq imkanlarının artırılması, o cümlədən istedadlı tələbələrdən biri olan Sara Hüseynlinin ötən tələbəlik illərində qazandığı uğurlar və çəkdiyi rəsmlər, onların janrları haqqında məlumat verib.

 

Sonra S.Hüseynli çıxış edərək sərgisinin təşkilinə görə institut rəhbərliyinə, tədbirdə iştirak edən qonaqlara təşəkkür edib.

 

Sonda müəllifin rəsm əsərlərinə baxış keçirilib. Sərgidə realizm və romantizm üslublarında işlənmiş portret, etüd, natürmort, mənzərə, rəngkarlıq qrafika və dekorativ işlərdən ibarət 30-dan artıq əsər nümayiş etdirilib. Gənc rəssamın kətan üzərində yağlı boya, ebru nümunələri, Naxçıvanın təbiəti, tarixi abidələri və şəhər mənzərələrini, tarixi hadisələri əks etdirən tematik tablolardan ibarət əsərləri tamaşaçıların marağına səbəb olub.

 

Sərgi ilə tanış olanlar rəsm əsərlərini yüksək qiymətləndirib.