Amerika Birləşmiş Ştatlarındakı Kolumbiya Universitetinin alimləri laboratoriya şəraitində şişi axtarıb tapmağa və onları məhv etməyə qadir olan bakteriyalar yaradıblar. Bu bakteriyalar immun hüceyrələrini aktivləşdirən xüsusi zülalları şişə çatdırır.

 

Xarici KİV-lər xəbər verir ki, alimlər bakteriyaların bəzi növlərinin şişin daxilində inkişaf etməyə qadir olduğunu artıq çoxdan sübuta yetiriblər. Ehtimal ki, bu, mikroorqanizmlərin inkişafını dəstəkləyən və immun sistemi tərəfindən onların üzə çıxarılmasına maneçilik yaradan həmin törəmələrin xüsusiyyəti ilə bağlıdır.

 

Yeni tədqiqatın müəllifləri probiotik ştamı təmsil edən bakteriyaları aşkarlayıblar. Bu bakteriyalar qan dövranına daxil olaraq şişə çatır, daha sonra hemokin-zülallar şəklində “faydalı yükü” boşaldaraq parçalanırlar. Hemokinlər immun sisteminin siqnal zülallarıdır. Onlar immun hüceyrələrinin müxtəlif növlərini cəlb etməyə və onların aktivliyini stimullaşdırmağa qadirdirlər.

 

Alimlər şişə hücum üçün immun T-hüceyrələrini cəlb edən insan hemokininin mutasiya olunmuş variantını bakteriyaya yerləşdiriblər. Onlar, həmçinin dendrit hüceyrələrini - şiş hüceyrələrini məhv etməyə və T-hüceyrələrin bərpasına qadir olan hüceyrələri cəlb edən digər ştamdan istifadə ediblər.

 

Eksperimentlər göstərib ki, bakteriyalar şişlərə qarşı davamlı immun reaksiyaları yaradıblar. Bu zaman onlar sağlam orqanları zədələməyiblər.

 

Azərtac