ADU-da Koreyaşünaslıq üzrə 3-cü Beynəlxalq konfransın açılışı olub


Azərbaycan Dillər Universitetində (ADU) Koreyaşünaslıq üzrə 3-cü Beynəlxalq konfransın açılış mərasimi olub.

 

Rektor akademik Kamal Abdulla konfransın ADU-da keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, beynəlxalq konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Koreya, Özbəkistan və Rusiya olmaqla, yeddi ölkədən nümayəndə iştirak edir. 

 

K.Abdulla qeyd edib ki, xalqlar, dövlətlər arasında bu cür konfransların təşkil olunması bir-birimizi daha yaxından tanımaq istiqamətində vacib vasitədir. Rektor konfransın təşəbbüskarı olan Türkiyənin Ərciyəs Universitetinin rəhbərliyinə təşəkkür edib. 

 

Koreyanın Azərbaycandakı səfiri Li İn-Yonq konfransın ölkəmizdə keçirilməsindən məmnun olduğunu bildirib:   

 

“Koreyaşünas tədris işçiləri və tələbələrin fədakarlığı, səyləri sayəsində Türkiyə və  Mərkəzi Asiyanın türkdilli ölkələrində koreyaşünaslığın əhatə dairəsi genişlənib. Bu sahədə fəal tədqiqatlar və insan resurslarının inkişafı Mərkəzi Asiyada koreyaşünaslığın inkişafına töhfə verə bilər. Eyni zamanda gələcək əməkdaşlıq imkanları müxtəlif sahələrdə, akademik müqavilə və əməkdaşlıq vasitəsi ilə dərinləşə bilər. Ümid edirəm ki, konfrans koreyaşünaslıq tədqiqatlarına dair mütərəqqi müzakirələrə səbəb olacaq və iştirakçılar davamlı olaraq Koreya dili və mədəniyyətinə maraq göstərəcək.”

 

Ərciyəs Universitetinin professoru Göksel Türközü təmsil etdiyi ali təhsil ocağında Koreya Araşdırmalar Mərkəzinin yaranma tarixindən danışıb, layihə haqqında məlumat verib. Qeyd edib ki, 2020-ci ildə universitetdə yaradılan Avrasiya-Koreya Araşdırmalar Mərkəzinin məqsədi Türkiyədə Koreya dilində araşdırmaları inkişaf  etdirməkdir.

 

Sonda konfrans təşkilatçılarına, eyni zamanda  universitet rəhbərliyinə təşəkkürnamələr və diplomlar təqdim edilib. 

 

Daha sonra bölmə iclaslarında müxtəlif mövzular üzrə çıxış və təqdimatlar olub.