Azərbaycan-Fransız Universitetində (UFAZ) “Azercell” şirkətinin sponsorluğu ilə keçirilən “Code for Future” hakatonu başa çatıb.

 

Texnologiya, innovasiya və kommunikasiya sahələrində real problemləri həll etmək üçün gənc və yenilikçi zehinləri bir araya gətirən müsabiqədə komandalara 5 fərqli mövzu üzrə (koorporativ bazar həlli, xərclərin idarə edilməsi həlli, oyun funksiyalı həll, rəqəmsal aktiv bazar həlli və biliklərin satışı həlli) həllər təklif etmək tapşırılmışdı.

 

Ümumilikdə 17 universitetdən 120 komandanın müraciət etdiyi yarışmada 30 komanda final mərhələsinə qatılmaq imkanı əldə edib. 3 nəfərdən ibarət komanda verilən mövzulardan birinə uyğun kod və proqramlaşdırma tapşırıqlarını icra edib. Qızların İKT sahəsində aktiv iştirakına dəstək məqsədi ilə UFAZ və “Azercell”, komandaların qarışıq gender tərkibli olması tələbini də qoymuşdu.

 

2 gün ərzində davam edən müsabiqədə iştirakçılara “Azercell” şirkəti və UFAZ-dan peşəkar mentorlar dəstək verib. Sonda komandalar münsiflər heyəti qarşısında texniki və biznes təqdimatlarla öz nəticələrini təqdim edib.

 

Münsiflər heyətinin qərarına əsasən, Murad Bağırlı (UFAZ), Vüqar Abduləliyev (BANM) və Gültac Seyidin (BANM) təmsil olduğu “3leet” komandası rəqəmsal aktiv bazar həlli ilə yarışmanın qalibi elan olunub. 2-ci yerə UFAZ tələbələrindən ibarət “Perihelion” komandası (İlkin Kərimli, Kamal Ələsgərli və Nərmin Mustafalı) koorporativ bazar həlli ilə və 3-cü yerə isə Yusif Əskəri, Əziz Zeynallı (hər ikisi UFAZ) və Səyyarə Həsənovanın (ADNSU) təmsil olunduğu “Optimum” komandası rəqəmsal aktiv bazar həlli ilə layiq görülüb.

 

Komandalar müvafiq olaraq 3000, 2000, 1000 AZN dəyərində pul mükafatları və baş sponsor “Azercell”in xüsusi hədiyyələri ilə təltif olunublar.