Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində elm və innovasiyalar üzrə prorektor fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanovun "Ümummilli Lider Heydər Əliyev – elm və təhsilin himayədarı" mövzusunda "Novruz mühazirəsi" dinlənilib.

 

Mühazirədə ADPU rəhbərliyi, dekanlar, kafedra müdirləri, professor-müəllim heyəti və magistrantlar iştirak ediblər.

 

Əvvəlcə universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev layihə haqqında məlumat verib. Bildirib ki, bu ictimai mühazirələr artıq 6 ildir Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunur və bu ilin ilk mühazirəsi ADPU-da keçirildi:”Bu layihənin davamı kimi universitetin görkəmli alimlərinin elm, təhsil, mədəniyyət sahəsində mühazirələrinin təşkil olunması qərara alınıb”.

 

Sonra növbəti “Novruz mühazirəsi”ni təqdim edən professor Asəf Zamanov deyib ki, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması görkəmli siyasi xadimin böyük irsinin gənc nəsilə çatdırılması baxımından əlamətdardır:”Bu aspektdən Ulu Öndərin elm və təhsil sahəsində gördüyü işlər, irəli sürdüyü təşəbbüslər olduqca əhəmiyyətlidir. Heydər Əliyev hələ sovetlər dönəmindən gələcək müstəqil dövlətin bütün sahələrdə ehtiyacı olan kadr ehtiyatını formalaşdırmaq məqsədi ilə intellektual potensialın inkişafını diqqət mərkəzində saxlamış, sovet respublikalarında ali təhsil almağa göndərilən azərbaycanlıların sayını illik 1000 nəfərə çatdırmış, Elmlər Akademiyasının inkişafına xüsusi dəstək göstərərək fundamental elmlər, həmçinin kibernetika, kosmik tədqiqatlar kimi zəruri, yeni elm sahələrinin ölkəmizdə tərəqqisinə nail olmuşdur. Bu dövrdə 10 cildlik Azərbaycan Ensiklopediyasının hazırlanaraq yüksək tirajla nəşr olunması da ayrıca hadisə idi”.

 

Müstəqillik illərinin ilk vaxtlarından özəl ali təhsil müəssisələrinin yaradılması və genişləndirilməsi, eyni zamanda keyfiyyətə nəzarət tədbirlərinin görülməsi, milli gənclər siyasətinin əsasının qoyulması, Azərbaycan dilinin qorunması və inkişafı, alimlərin, elm və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi, milli irsin öyrənilməsi və s. sahələrdəki tədbirlər Heydər Əliyevin geniş xidmətləri kimi  qeyd olunub.

 

Bildirilib ki, digər sahələrdə olduğu kimi, hərbi təhsilə də böyük önəm verən Ümummilli Liderin düşünülmüş qərarları nəticəsində müstəqil Azərbaycan ordusunun ilkin kadr potensialı formalaşırdı. 

 

Yekunda qeyd olunub ki, bütün bu sistemli və hərtərəfli fəaliyyət nəticəsində hazırda Azərbaycan informasiya cəmiyyəti şəraitində uğurla fəaliyyət göstərən, kosmik ölkələr qrupunun üzvü, beynəlxalq qurumlarda yüksək səviyyədə təmsil olunan, söz sahibinə çevrilən bir dövlətdir:”Ulu Öndərin qoyduğu təməllər üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımız azad edildi, “Böyük Qayıdış” proqramına start verildi. XX əsrin əvvəllərində Məhəmməd Hadi ürək ağrısı ilə “Yox millətimin imzası imzalar içində”- deyirdisə, bu gün Azərbaycanın imzası dünya miqyasında mötəbər imzalar içində yer alır”. 

 

Daha sonra mühazirə ətrafında professor Fərrux Rüstəmov və digərləri öz  fikirlərini bölüşüb, müəllim və magistrantların sualları cavablandırılıb.