UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökümətlərarası Komitəsinin 28 noyabr 2022-ci il 17-ci sessiyasında Azərbaycan və Türkiyənin təşəbbüsü ilə Çay mədəniyyəti kimliyin, qonaqpərvərliyin  və sosial əlaqələrin  rəmzi nominasiyası kimi tanınıb və UNESCO-nun  Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.

 

Azərbaycan Çay mədəniyyəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildikdən sonra  “5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxs bu təşəbbüsə qoşularaq  Azərbaycan çayının şöhrətinin təbliği,  çayçılıq təsərrüfatına  diqqətin yönəldilməsi, eyni zamanda xalqımıza  məxsus qonaqpərvərlik keyfiyyətlərinin təbliği, bu mədəniyyətin ənənələrinin yaşadılması, qonağa hörmət xüsusiyyətinin qorunması məqsədi ilə  “Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” adlı çay  festivalına  start verib.

 

Festival çərçivəsində dərnək məşğələlərində çay bitikisinin becərilməsinə, əkilməsinə, emalına, istifadə qaydalarına və çay mədəniyyətinin formalaşmasına həsr olunmuş müxtəlif tədbirlər həyata keçirilib.

 

Belə ki, dərnək üzvləri arasında “Süfrələrin yaraşığı çay” adlı  rəsm və əl işləri sərgisi, “Azərbaycan və türk xalqlarını birləşdirən qonaqpərvərliyimiz çay süfrəsi  arxasında” adlı esse müsabiqəsi, “Çay mədəniyyəti qonaqpərvərliyimizin rəmzidir” mövzusunda konfrans təşkil olunub.

 

Konfransda çay bitkisinin Azərbaycana gətirilməsi və becərilməsi tarixinə, çayın hazırlanması və ondan istifadəyə, süfrə mədəniyyətinin ayrılmaz hissəsinə çevrilməsinə dair məruzə və təqdimatlar təqdim  edilib.

 

Konfrans zamanı çay mövzusuna həsr olunmuş rəqs və mahnılar ifa edilib, həmçinin dərnək üzvlərinin bu mövzuda çəkdikləri rəsmlər nümayiş olunub.

 

Konfransda iştirak edən Türkiyənin Azəbaycandakı Gəncliyə Yardım Fondunun koordinatoru, Gənc İstedadlar Akademiyasının sədri Şahəli Cəlilov, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin baş məsləhətçisi Mehri Əhmədova, şöbənin məsləhətçisi Zəhra Mailova çıxış edərək, festivalın keçirilməsinin əhəmiyyətindən danışıblar. Qeyd ediblər ki, bu tədbirin keçirilməsi uşaqlar arasında çayçılıq təsərrüfatına  marağın artmasına, bu sahənin daha da inkişafına səbəb olacaq.

 

Sonda dərnək üzvlərinin ifa etdiyi rəqs və mahnılar, həmçinin nümayiş olunan rəsm əsərləri qonaqlar tərəfindən maraqla qarşılanıb.