Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kimya mühəndisliyi” ixtisası üzrə bir qrup IV kurs tələbəsi üçün maarifləndirmə seminarı keçirilib.

 

Seminarın gündəliyi haqqında məlumat verən institutun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev bildirib ki, təcrübə keçən universitet tələbələrini ayrı-ayrı laboratoriyalarda aktual mövzularda aparılan tədqiqatların nəticələri ilə tanış etmək nöqteyi-nəzərdən belə seminarların böyük əhəmiyyəti var:”Bu, həm də tələbələrdə elmə maraq yaratmaqla, onları düzgün istiqamətləndirir”.

 

Ə.Sucayev qeyd edib ki, laboratoriyalarda təcrübi vərdişlər qazanan tələbələrə həmin sahədə elmi tədqiqatlar aparmış Azərbaycanın tanınmış alimləri haqqında da geniş məlumatlar vermək lazımdır:”Qoy, yetişən gənclik görkəmli elm adamlarını da tanısınlar”.

 

Sonra alkilfenol əsasında çoxfunksiyalı üzvi birləşmələr laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru dosent Əli Qədirov “Mürəkkəb efir əsasında sintetik aviasiya yağları, antioksidləşdirici aşqarlar və onların mexanizmi” mövzusunda geniş təqdimatla çıxış edib.

 

O, sintetik yağlara yüksək temperatura davamlı oksidləşmə inhibitorlarının yaradılması, bu məqsədə nail olmaq üçün molekulun tərkibində azot, kükürd, bor, silisium atomları və müxtəlif funksional qruplar saxlayan, yüksək temperatura davamlı inhibitorların sintez metodlarının işlənilməsi və onların təsir mexanizminin öyrənilməsindən, sintez edilmiş birləşmələr və əmtəə aşqarlarının tətbiqi ilə qazturbin mühərrikləri üçün sintetik efir yağları əsasında yüksək temperaturlara (200-240 ºC) davamlı sürtkü kompozisiyalarının hazırlanması haqqında  dünyada, Azərbaycanda, o cümlədən çalışdığı laboratoriyada yerinə yetirilən işlər, əldə olunan mühüm elmi nəticələr, bu istiqamətdə tanınmış alimlər haqqında məlumat verib və çoxsaylı sualları cavablandırıb.