Mingəçevir Dövlət Universitetində elmi-praktik konfrans keçirilib


Mingəçevir Dövlət Universitetində (MDU) Aprel döyüşlərinin ildönümünə həsr olunmuş “Böyük Zəfərin başlanğıcı: Aprel döyüşləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda şəhid ailəsi üzvləri, universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

 

Konfransın açılışında çıxış edən MDU-nun humanitar fənlər kafedrasının müdüri dosent Esmira Cəfərova yeddi il əvvəl erməni təxribatına cavab olaraq həyata keçirilən qısamüddətli hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi şanlı qalibiyyətdən danışıb. Qeyd edilib ki, Azərbaycan xalqının gücünü, birliyini və əzmini dünyaya göstərən Aprel qələbəsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər üçün mühüm zəmin yaratmışdır. Vətən yolunda böyük şücaət və fədakarlıq göstərən şəhidlərimizin adları daim uca tutulacaq və əziz xatirələri hər zaman böyük ehtiramla anılacaq.

 

Aprel şəhidlərinə həsr olunan videoçarxın nümayişindən sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

 

Məruzələrdən sonra konfrans ədəbi-bədii hissə ilə davam edib.