Naxçıvan Dövlət Universitetində muxtar respublika ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Bədii yaradıcılıq müsabiqə” festivalının baxış müsabiqəsi keçirilib.

 

Elm və Təhsil Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası, Naxçıvan Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru  Xalq artisti Təranə Muradova, Azərbaycan Dövlət Akademik Opera və Balet  Teatrının solisti,  Xalq artisti Samir Cəfərov, Xalq artisti Gülyanaq Məmmədova münsiflər heyətinin üzvləri kimi Naxçıvan Dövlət Universitetində olublar.  

 

Tədbirdə çıxış edən rektor Elbrus İsayev artıq ikinci dəfədir muxtar respublikada təşkil olunan müsabiqə festivalın əhəmiyyətindən danışıb. Bildirib ki, tədbir tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik zövqünü yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək məqsədi daşıyır.

 

Sonra istedadlı tələbələr musiqi və rəqs üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Onların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

Müsabiqə-festivalda respublikanın ali təhsil müəssisələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyalar, solo ifaçılar, həvəskar müğənni, rəqqas, musiqiçilər, həmçinin orkestr və ansambllar, rəqs kollektivləri, müxtəlif musiqi alətlərində ifa edən ifaçılar çıxış ediblər.

 

Tədbirdən sonra Xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Arslan Növrəsli tələbələr üçün ustad dərsi keçiblər.

 

Məlumat üçün bildirək ki, festival qaliblərinin yekun konserti may ayında Bakı şəhərində keçiriləcək.