Naxçıvan Dövlət Universitetinin (NDU) xarici dillər fakültəsində ingilis dilli müəllimlər üçün təşkil edilən beynəlxalq müəllimlik sertifikasiya kursu uğurla başa çatıb. Sertifikatları təqdim etmək üçün Beynəlxalq TEFL Təlim İnstitutunun Azərbaycan üzrə meneceri Afar İbrahimov NDU-da olub.

 

Universitetin rektoru Elbrus İsayev çıxış edərək bu cür təlimlərin ali təhsil ocağında ingilis dili üzrə bacarıqların möhkəmlənməsinə verəcəyi töhfələri diqqətə çatdırıb.

 

Qeyd edək ki, 3 gün davam edən təlimi Beynəlxalq TEFL Təlim İnstitutunun Azərbaycan üzrə meneceri Afar İbrahimov keçib. Həmçinin təlim ərzində ABŞ-ın TEFL Təlim İnstitutunun akademik direktoru professor Gisela Kornejanın onlayn təlimi dinlənilib. Təlimdə qrammatikanın kommunativ şəkildə tədrisi, oxu bacarıqları, tələbələrin buraxdığı səhvlər üzərində iş aparılıb. Eyni zamanda təlimdə dərsliklərdən necə istifadə etməli, sinfin necə idarə olunması məsələləri iştirakçıların diqqətinə çatdırılıb.

 

Məlumat üçün bildirək ki, koordinatoru ingilis dili və tərcümə kafedrasının baş müəllimi Aidə Cəlilzadə olan təlimdə universitetin ingilis dili müəllimləri başda olmaqla, qeyri-ixtisaslar üzrə ingilis dilində dərs deyən ümumilikdə 50 müəllim iştirak edib.