Şamaxı Astrofizika Rəsədxanası ilə 20 nömrəli məktəb-lisey arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Tədbirdə 20 nömrəli məktəb-liseyin təcrübəli müəllim kollektivi və Rəsədxananın nümayəndə heyəti iştirak edib.

 

Memorandum çərçivəsində astrofizika və kosmologiyanın qarşılıqlı maraq doğuran sahələrində və innovasiya istiqamətində kadr hazırlığı, elmin təbliği və populyarlaşdırılması yönündə birgə fəaliyyət göstərilməsi nəzərdə tutulub.

 

Tədbirdə çıxış edən 20 nömrəli məktəb-liseyin direktoru Esmira Ağayeva rəhbərlik etdiyi məktəbin fəaliyyətində elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, 20 nömrəli məktəb-liseyin nəzdində fəaliyyət göstərən Kiçik Akademiyadakı xüsusi istedadlı gənclərin çoxsaylı ixtiraları bir çox yerli və beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülüb.

 

E.Ağayeva onu da qeyd edib ki, məktəbin nəzdində, həmçinin Astronomiya dərnəyi də təşkil olunub; şagirdlərin fizika və astronomiya ilə bağlı müsabiqələrdəki uğurunda həmin dərnəyin xüsusi rolu var:”Şamaxı Astrofizika Rəsədxanası ilə bu istiqamətdə əməkdaşlığın rəsmiləşdirilməsi isə birgə uğurlara daha böyük töhfə verəcəkdir”.

 

Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov birgə əməkdaşlığın əhəmiyyətindən danışıb, əlaqələrin töhfə verəcəyinə inamını bildirib. Sonra 20 nömrəli məktəb-liseyin infrastrukturu, fəaliyyəti və nailiyyətləri ilə bağlı videoçarx nümayiş etdirilib.