Türkiyənin Qars Qafqaz Universitetinin rektoru professor-doktor Hüsnü Kapu başda olmaqla, bu ali təhsil ocağının rəsmiləri Lənkəran Dövlət Universitetində (LDU) olublar.

 

LDU-nun rektoru professor Natiq İbrahimov qonaqlarla görüşdə universitetin təhsil həyatı barədə ətraflı məlumat verib. Rektor  son illərdə universitetin maddi-texniki bazasının yenilənməsi, yeni tədris korpuslarının tikintisi, mütəxəssis hazırlığının keyfiyyətcə yüksəldilməsi istiqamətində görülən işlərdən, perspektiv planlardan  danışıb. Söhbət zamanı  hər iki universitet arasında ikili diplom məsələsi, tədris planlarının uyğunlaşdırılması, akademik mübadilə və əməkdaşlıq məsələlərinin digər aspektləri ətraflı müzakirə edilib, xatirə hədiyyələri təqdim olunub.

 

İşgüzar söhbətdən sonra rektor N.İbrahimov qonaqları universitetlə əyani tanış edib. Tələbə rəssamların əsərlərindən ibarət sərgi qonaqlarda xoş təəssürat yaradıb. Türkiyəli qonaqlar universitetin hər 3 tədris korpusunu gəzərək dərslərin gedişini əyani izləyib, həmçinin tələbə və müəllimlərlə fikir mübadiləsi aparıblar.  N.İbrahimov türkiyəli qonaqları universitetin yardımçı təsərrüfatı və turizm tədris bazası  ilə  də yaxından tanış edib.

        

Universitetin böyük akt zalında  keçirilən tədbirdə Qars Qafqaz Universitetinin rəsmiləri,  LDU-nun professor-müəllim-tələbə heyəti iştirak edib. Rektor N.İbrahimov  hər iki universitet arasında inkişaf etməkdə olan əlaqələrdən, bu istiqamətdə əldə olunan ilk müsbət nəticələrdən, gələcək perspektivlərdən danışıb. Bildirib ki, universitetin nümayəndə heyəti ötən il Qars Qafqaz Universitetində işgüzar səfərdə olub və yüksək səviyyəli görüşlər keçirib. Rektor xatırladıb ki, 2017-ci ildə hər iki universitet arasında imzalanan “Akademik Əməkdaşlıq Müqaviləsi”ndə universitetlərarası qarşılıqlı akademik əməkdaşlığın inkişaf etdirilməsi, baytarlıq sahəsində əlaqələrin genişləndirilməsi öz əksini tapıb.

 

Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə heyətini salamlayaraq, LDU ilə tanışlıqdan məmnunluğunu dilə gətirib, universitetin zəngin maddi-texniki bazaya malik olduğunu, universitetlər arasında yaranmış əlaqələrin hər iki təhsil ocağı üçün faydalı olacağını deyib.

 

Sonda rektorlar tələbələri maraqlandıran sualları cavablandırıblar.