Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Respublika elmi konfransı keçirilib.   

 

“Heydər Əliyev Azərbaycanın böyük uğurla reallaşdırılan iqtisadi strategiyasının banisidir” mövzusunda keçirilən elmi konfransı universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent İdrak Əsgərov açıb. Bildirib ki, Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin xidmətləri misilsizdir:”Ümummilli Liderin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılıb, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olunub, yeni sənaye sahələri yaradılıb, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılıb”.

 

LDU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Gülbəniz Əliyeva “Heydər Əliyev Azərbaycanın böyük uğurla reallaşdırılan iqtisadi strategiyasının banisidir” mövzusunda  geniş məruzə edib. Məruzəçi bildirib ki,  Heydər Əliyevin çoxşaxəli fəaliiyətində müstəqil dövlət quruculuğu, mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçid istiqamətində islahatlar, Azərbaycanın dünyaya tanıdılması, ölkəmizin iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının gücləndirilməsi, yeni neft strategiyası,  ərazilərimizin işğaldan azad edilməsi üçün güclü iqtisadiyyat, güclü ordu tandeminin əsaslarının yaradılması və s. bu kimi məsələlər xüsusi yer tutur. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişafında, eləcə də müstəqilliyimizin iqtisadi əsaslarının möhkəmləndirilmsində Heydər Əliyevin böyük  xidmətləri olub.

 

Məruzədə qeyd edilib ki, Azərbaycanın bu günkü uğurları müasir Azərbaycan dövlətinin banisi Ümummilli Llider Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilmiş islahatlara söykənir:”Həmin vaxtı aparılmış islahatlar hesabına Azərbaycanda bazar münasibətlərinə söykənən sosialyönümlü iqtisadiyyatın bərpası və inkişaf etdirilməsi mümkün olmuş, ölkə əhalisinin həyat səviyyəsi yüksəlmişdir. Heydər Əliyevin əsasını qoyduğu iqtisadi siyasətin ardıcıl olaraq davam etdirilməsi nəticəsində Azərbaycan dünyada güclü iqtisadiyyat formalaşdırmış və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi tanınmışdır”.

 

Məruzə ətrafında universitet alimlərinin çıxışları səslənib.   Çıxışlarda  qeyd edilib ki, bütün mənalı həyatını öz xalqına həsr etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz qoyaraq əsl dövlətçilik məktəbinə çevrilib.

 

Natiqlər Ulu Öndərin cənub bölgəsinə, o cümlədən Lənkərana etdiyi səfərlər, regionda sənayenin və aqrar sahənin inkişafı istiqamətində gördüyü işlər, quruculuq fəaliyyəti barədə də ətraflı bəhs ediblər.

 

Plenar iclasdan sonra konfrans işini bölmələrdə davam etdirib.