Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru professor Elxan Hüseynov Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin bir qrup nümayəndəsini qəbul edib.

 

Rektor Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə SDU və Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə konsert proqramının təşkilində əməyi keçən hər kəsə təşəkkür edib.

 

Professor E.Hüseynov kollecin direktoru dosent Səbinə Mehdiyevanı, kollecin tədris işləri üzrə direktor müavini beynəlxalq müsabiqələr laureatı Kamran Süleymanovu, Xor kollektivi və Kamera orkestrinin dirijoru, bəstəkar, respublikanın Əməkdar müəllimi Firəngiz Xəlilovanı, Kamera orkestrinin bədii rəhbərləri- Şəms Əliyevanı və Könül Bəkirovanı, Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri Kamran Teymurovu konsert proqramında uğurlu çıxışlarına görə Fəxri fərmanla mükafatlandırıb, onlara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.

 

Vətəni, xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin ölkəmizin hər yerində hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş şəkildə qeyd edildiyini vurğulayan professor E.Hüseynov Ulu Öndərin Azərbaycanın tarixinə, mədəniyyətinə, elm və təhsilinə, eləcə də digər sahələrə verdiyi yüksək dəyərdən danışıb. 

 

Rektor qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev təhsilə, mədəniyyətə, incəsənət xadimlərinə hər zaman diqqət və qayğı göstərib, rəssamların, bəstəkarların, yazıçıların, teatr xadimlərinin qurultaylarında özü şəxsən iştirak edib, gözəl çıxışları və dəyərli təklifləri ilə onları daima ruhlandırıb.

 

Sumqayıt Musiqi Kollecinin direktoru Səbinə Mehdiyeva konsert proqramının Ümummilli Liderin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərdən biri olduğunu bildirib və bu kimi tədbirlərin Ulu Öndərin Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına verdiyi töhfələri bir daha yada salmaq, gənc nəslə çatdırmaq istiqamətində faydalı olacağını söyləyib.