Aşqarlar Kimyası İnstitutunun rəhbərliyi sabiq doktorant və dissertantlarla görüş keçirib


Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun rəhbərliyi təhsil müddəti bitmiş, lakin dissertasiya müdafiə etməmiş fəlsəfə və elmlər doktoru hazırlığı üzrə sabiq doktorant və dissertantlarla görüş keçirib.

 

İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, elmi tədqiqat müəssisələrinin əsas vəzifələrindən biri yüksəkixtisaslı kadr hazırlığından ibarətdir: “Çox təəssüf ki, bir çox hallarda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olunanlar təhsil müddətini başa vurduqdan sonra uzun müddət keçsə də, müdafiə etmirlər. Bu isə institutun özünün elmi dərəcə və elmi ada sahib yüksək ixtisaslı kadr təminatında problemlərin yaranmasına səbəb olur”.

 

Akademik vurğulayıb ki, elmi fəaliyyətini doktorantura və dissertanturada davam etdirən hər bir elmi mütəxəssis elmi işini yüksək səviyyədə yerinə yetirib müvafiq elmi dərəcə qazanmaqla bütövlükdə cəmiyyətə töhfə vermiş olur.

 

V.Fərzəliyev təəssüf hissi ilə qeyd edib ki, bəzən doktorant və dissertantlar elmi işlərinə məsuliyyətlə yanaşmırlar:”Arxayın olurlar ki, onların yerinə elmi rəhbərləri məqalə-tezis yazacaq”.

 

V.Fərzəliyev təhsil müddəti bitmiş doktorant və dissertantların dissertasiya işlərinin hazırlanması, elmi əsərlərin çapı və digər məsələlərlə bağlı üzləşdiyi problemlərin həllinə institut tərəfindən müəyyən köməklik göstərilə biləcəyini diqqətə çatdırıb.

 

İnstitutun icraçı direktoru  dosent  Əfsun Sucayev  da bildirib ki, xalqımız üçün savadlı, bilikli gənclər yetişməli və bunun üçün də gənclər öz üzərlərində işləməlidirlər. O, gənclərə hər zaman dəstək olacağını, müxtəlif mövzularda doktorant və dissertantlar üçün ayrıca maarifləndirmə seminarlarının təşkil ediləcəyini söyləyib.

 

Sonra institutun təhsil müddəti əvvəlki illərdə başa çatmış, lakin dissertasiya işlərini müdafiə etməmiş doktorant və dissertantları yerinə yetirdikləri tədqiqat işlərinin icra vəziyyəti, dissertasiya mövzuları üzrə çap olunmuş əsərlərin sayı, dissertasiya işlərinin yerinə yetirilmə faizi, işi vaxtında müdafiə edə bilməmələrinin səbəbləri, üzləşdikləri problemlər haqqında geniş məlumat veriblər.

 

İclasın sonunda qərara alınıb ki, hər bir doktorant və dissertant dissertasiya mövzusu üzrə çap olunmuş elmi əsərlərinin sayı və tərkibi, dissertasiya işinin yerinə yetirilmə dərəcəsini əhatə edən yekun məlumatı hazırlayıb, Təhsil şöbəsinə təqdim etsin.