Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti (LDU) və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş   “Azərbaycanşünaslığın aktual məsələləri” adlı Beynəlxalq elmi konfransın “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı: regional kontekstdə” bölməsi  LDU-da öz işinə başlayıb.

 

Konfransı giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektoru professor Natiq İbrahimov açaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı LDU-da keçirilən silsilə tədbirlərdən danışıb, cari konfransı da həmin tədbirlərin davamı adlandırıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev müstəqillik illərində elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır:”Ölkə başçısı bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır. Hazırda Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir”.

 

Beynəlxalq elmi konfransda Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev də məruzə ilə çıxış edib. Rektor deyib ki,  Ümummilli Lider hələ Azərbaycana birinci rəhbərliyi dövründə təhsilin inkişafına böyük önəm verib.  Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, AMEA-nın elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaratmışdır:”Ulu Öndər yaxşı bilirdi ki, yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən ən mühüm amillərdən biridir. Buna görə dahi şəxsiyyət cəmiyyətin inkişaf zəminini düzgün olaraq təhsildə və maarifçilikdə görürdü, bu sahənin inkişafına diqqət və qayğısını əsirgəmirdi”.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov məruzəsində Ulu Öndərin təhsil siyasətinin əsas istiqamətlərini şərh edib, bildirib ki, Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişafı prioritetlik təşkil edib.

 

Məruzə ətrafında LDU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Yədullla Ağazadə, beynəlxalq əlaqələr və layihələr üzrə prorektor dosent Zaur Məmmədov, pedaqogika, psixologiya və incəsənət kafedrasının baş  müəllimi Nahidə Cəfərova, BSU-nun professoru Piralı Əliyev, tədris işləri üzrə prorektor dosent Ənvər Abbasov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları İlham Əhmədov və  İlhamə Muradova çıxış ediblər.

 

Beynəlxalq konfransın plenar iclasından sonra bu ilin aprel ayında LDU-da keçirilmiş regional olimpiada qaliblərini mükafatlandırma mərasimi keçirilib. Qaliblərə diplom, medal  və xatirə hədiyyələri təqdim edilib.

 

Beynəlxalq konfransda fəal iştirak edən çıxışçılar da mükafatlandırılıb. Onlara konfrans təşkilatçılarının birgə sertifikatları təqdim olunub.