Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin Avropa Şurasının (AŞ) Bakıdakı nümayəndəliyi ilə birgə “Avropa İnsan Hüquqları Konvensiyası – 70” maarifləndirmə kampaniyası davam edir.

 

Konvensiyanın qüvvəyə minməsinin 70-ci ildönümünə həsr edilmiş kampaniya tələbələrin insan hüquqları sahəsində fundamental sənədlərdən sayılan İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın müddəalarının və Avropa Məhkəməsinin presedent hüququnun dərindən öyrənilməsinə xidmət edir.

 

Hüquq fakültəsinin dekanı Zaur Əliyevin və AŞ-nin Azərbaycandakı ofisinin rəhbəri Petr Zixin təşəbbüsü ilə başlayan bu maarifləndirmə kampaniyası çərçivəsində “Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ – qadınlara qarşı zorakılıq və məişət zorakılığı” mövzusunda növbəti təlim keçirilib.  Təlimçi qismində AŞ-nin eksperti Pərvanə Bayramova iştirak edib.

 

Təlimçi qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, bu mövzuda məhkəməyə daxil olmuş müraciətlər, onlara baxılması, məhkəmənin qərarları və icrası haqqında ətraflı məlumat verib.

 

Çıxışında baxılmış işlərdən misallar gətirən ekspert özünün bilik və təcrübəsinə əsaslanan məlumatları tələbələrlə bölüşüb.