Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev Avstriyaya səfəri çərçivəsində Avstriya Kənd Təsərrüfatı, Meşəçilik, Regionların və su resurslarının idarəedilməsi Nazirliyində olub, nazirliyin tədris və araşdırma departamentinin direktoru Josefa Reiter-Stelzlə görüşüb.

 

Görüşdə rektora və rəhbərlik etdiyi heyətə Avstriyanın kənd təsərrüfatı sahəsi haqqında geniş məlumat verilib. Bildirilib ki, Avstriya orqanik kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində tədris və araşdırma mərkəzlərində təhsil və tədqiqatın effektivliyi nəticəsində Avropa Birliyi ölkələri arasında liderdir.

 

Eyni zamanda xanım Josefa Reiter-Stelzl tədris və araşdırma mərkəzlərində təhsil və tədqiqat işlərinin təşkili, müxtəlif qurumlarla əməkdaşlıq çərçivəsində aparılan layihələr haqqında E.İsayev və nümayəndə heyətinə məlumat verib.

 

Rektor səmimi qəbula görə Josefa Reiter-Stelzə öz təşəkkürünü bildirib. Görüşdə bir sıra konkret əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılıb.  NDU-da kənd təsərrüfatı sahəsinə aid ixtisaslarda dərs deyən müəllim və tələbə heyəti üçün professional kursların keçirilməsi, magistr və doktorantura səviyyəsi üzrə naxçıvanlı tələbələrin Avstriya kənd təsərrüfatı tədris və araşdırma mərkəzlərində təhsil və tədqiqat aparması imkanları barədə müzakirələr keçirilib.

 

Görüşdə rektorun təklifləri Josefa Reiter-Stelzl tərəfindən müsbət qarşılanıb və  hər cür dəstəyə hazır olduqları ifadə edilib.

 

Xatırladaq ki, görüşdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadiqbəyli də iştirak edib.