Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) güləş məşqçisi Ramin Allahverdiyev Almaniyanın Lüdviqşafen şəhərində keçirilən 15-ci Paul Klein Xatirə Turnirində  yarışın təşkilatçıları tərəfindən Fəxri kubokla təltif edilib.

 

Universitetdən bildirilib ki, Lüdviqşafen şəhərində 17 yaşadək sərbəst güləşçilər arasında 15-ci dəfə Paul Klein açıq turniri keçirilib. Ölkəmizi bu yarışda AzMİU İdman Klubunun güləş müəllimi, əməkdar məşqçi Ramin Allahverdiyevin rəhbərliyi ilə 2 yeniyetmə güləşçi təmsil edib. Almaniyanın müxtəlif əyalətlərindən və Belçikadan 200-ə yaxın idmançının qatıldığı turnirdə Saleh Şahverdiyev (65 kq) qızıl, Riad İsmayılov (80 kq) bürünc medal qazanıb.

 

AzMİU-nun məşqçi-müəllimi Ramin Allahverdiyev də yarışın təşkilatçıları tərəfindən təltif edilib. Ona 15-ci Paul Klein Fəxri Kuboku təqdim olunub.