Son illərdə ailə - məişət zorakılıqları ilə bağlı baş verənləri cinayət adlandırmaq o qədər də çətin deyil. Amma törədilən əməllər cinayətlərin anlayışı hüdudundan artıq kənara çıxır. Əgər ailə - məişət zorakılıqları altında ancaq ictimai münasibətlərə zidd əməlin olduğu qənaətinə gəlsək, praktik olaraq problemin həllinə nail olmaq çətin olardı. Bu, həm də ailə tərbiyəsinə, milli mənsubiyyətə, ictimai şüura və ictimai mədəniyyətə sığmayan, insan əxlaqına, islama və iman əhlinə yaraşmayan hərəkətdir. Bu baxımdan, cəmiyyətə zidd davranışların formalaşmasının, determinoloji, müxtəlif səbəb və şəraitin öyrənilməsinə kompleks şəkildə yanaşmağa ehtiyac duyulur. Məsələ ilə dərindən maraqlananda zorakılıqların və amansızlıqların adi hala çevrildiyinin şahidi oluruq. Hər şeyin ailədən və məişətdən başlanıldığını görəndə dəhşətə gəlməmək olmur. Eyni hadisələri, eyni səbəbləri, eyni şəraiti, eyni mədəniyyəti, eyni səhnəni və tarixi görürsən: “görüşdük - tanış olduq - mübahisə etdik, təhqir etdi, vurdu, xəsarətlər yetirdi – döydü və yaxud, ər arvadını öldürdü və başqa yaxın adamlar arasında ölüm cinayətləri...Ağıla gəlməz üsullarla il ərzində müxtəlif növ ağır cinayətlər baş verir.

 

Məişət zorakılığının ayrı-ayrı fərdlərə münasibətdə fiziki və psixoloji təsirləri ilə yanaşı, bütövlükdə cəmiyyət üçün mənfi nəticələr doğuran sosial təsirləri də var. Araşdırma zamanı rəyi soruşulanların 74%-i müxtəlif bədən xəsarətləri (zədələr, yırtıq, çapıq, dişlərin tökülməsi, sınıq və s.) aldığını, 54%-i yuxusunun pozulduğunu və onda qorxu hissi yarandığını, 34%-i depressiyaya düşdüyünü və özünəinamsızlıq yarandığını, 33%-i özünə qapandığını, 26%-i özündə sosial fobiya hiss etdiyini, 22%-i intihara cəhd etdiyini bildirib. Məişət zorakılığına məruz qalanların 97%-i eyni zamanda, bir neçə təsirə məruz qaldığını bildirib. Araşdırmanın məişət zorakılığının fəsadları ilə bağlı nəticələri qurbanların təxminən beşdə birinin (22%) intihara cəhd etdiyini göstərir. 

 

Mən deyərdim ki, məişət, son illərdə fəlsəfi və psixoloji anlamda səmərəsiz, faydasız həyat fəaliyyəti təəssüratını bağışlayır. Bu sahə şəxsiyyətin həyat fəaliyyətinin ayrılmaz tərkib hissəsi olsa da, ictimai həyatın əhəmiyyət kəsb edən formasıdır və məhz, burada insan formalaşır, tərbiyə alır, davranışlarını qəlibə salır, həyati vacib təlabatlarını ödəyə bilir. Buradan da, belə nəticəyə gəlmək olar ki, məişət özündə ailə - həyat (yaşayış – güzəran) münasibətlərini əks etdirən mədəni, nəzakətli, alturist davranışlar məcmusudur.

 

Kriminaloji nöqteyi nəzərdən “məişəti“xarakterizə edən struktur elementlərin öyrənilməsi üçün iki əsas istiqamətə diqqət yönəlməlidir:

Şəxsiyyət - məişət; (ailə, qohumluq, dostluq, yoldaşlıq, qonşuluq münasibətləri)

İctimaiyyət -  məişət;  ( istehsalat və ictimai məişət, məişət xidmətləri, əxlaq  və hüquq qaydaları və s).

 

Məişətdəki ünsiyyətin əsas forması ailədir. Ailədaxili əlaqələrin əsas elementi isə ailə - nikah münasibətlərinin hüquqi tənzimlənməsidir. Ona görə də, ictimai münasibətlərin bu sahədəki məcmusunu müəyyən edərkən yuxarıda qeyd etdiyim insanlar arasında (ailə üzləri, qonşular, dostlar, yoldaşlarla, iş kollektivi və s.) olan əlaqələri müəyyən etmək vacib şərtdir.

 

Məişət zorakılığı (- evdəki və yaxud ailədəki zorakılıqlar) daha çox latent cinayətlər sırasına daxildir. Bu, elə bir arzuolunmaz qaba hərəkətdir ki, ailə daxilində bir tərəfin (qohumun, ərin) başqa bir şəxs üzərində təkrar və zorakılıqlarla davam edən hərəkətləri anlaşılır. Qabalıq, fiziki, psixolojı, seksual və ekonomik zorakılıqlarla da ifadə oluna bilər.

 

Adətən, məişət zorakılıqlarının gender cəhəti kişilərin qadınlara qarşı törədilən psixi, fiziki, seksual və iqtisadi təhqirlərlə davam edən zorakılıqlar  qəbul edilir.

 

Müxtəlif ölkələrin qanunvericiliyində məişət zorakılıqlarına görə cəzanın tətbiqi və ictimai səbrin dərəcəsi müxtəlif cürdür. Qərb ölkələrində və keçmiş SSRİ-nin bəzi respublikalarında dövlətlərdə məişət zorakılıqları ayrı növ cinayətlər fəsli kimi qüvvədədir.  

 

Nəzəri və praktik baxımdan ailədə baş verən zorakılıqları aşağıdakı növlərə bölmək olar: Fiziki zorakılıq: Qurbanın üzərində birbaşa və ya yanakı təsir vasitələri ilə davam edən müxtəlif dərəcəli xəsarətlərin yetirilməsi, qançırların olması, şapalaqlama, evdəki əşyaların tullanması və s. (Bədən xəsarətləri məişət zorakılıqlarınin formalarından biridir). Fiziki zorakılıqlara ilkin tibbi yardımın çağırılmasına mane olma, həyatı vacib təlabatların ödənilməsinə imkan verməmə, qarşı tərəfi iradəsinə zidd spirtli və narkotik maddələrin qəbuluna məcbur etmə və s. daxildir. Psixoloji təsir vasitəsi kimi ailənin başqa üzvlərinə fiziki ziyanın yetirilməsi fiziki zorakılığın yanakı formasıdır.

 

-Emosional zorakılıq - (psixoloji zorakılıq) Alçatma, təhqiretmə, davranışa nəzarət, təcridetmə, qurbanın (təmasda) yaxın münasibətdə olduğu dairə ilə əlaqənin məhdudlaşdırılması, sorğu-sual etmə, şərləmək (şantaj) xəsarətlərin yetirilməsi ilə hədələmə və s. aid etmək olar.

–İqtisadi zorakılıq - ailənin maliyyə və digər imkanlarına nəzarət, qurbana yaşamaq üçün pulun az miqdarda ayrılması, fırıldaqla pul almağa (qazanmağa) məcbur etmə. Bu növə təhsil almağa və işləməyə qadağa qoymaq, ailədə vəziyyətin gərginləşdirilməsinə şərait yaratmaq və s.  daxildir.

 

Ümumiyyətlə, zorakılıqların dövrü xarakter daşıması cəmiyyətin özünə xas cəhətlərindən biridir. Qənaətimə gorə ailədəki vəziyyət, mürəkkəb yaşam şəraitin müəyyən dövr (mütəmadi xarakter daşıması) ərzində davam etməsi, konseptual olaraq özündə bir neçə mərhələni ehtiva edir.

 

İlkin olaraq ailədə gərginliyin artan xətlə davam etməsi;   Ailə üzvləri arasındakı münasibətlər, bir – birlərinə qarşı davranış tərzinin pozulması, narahatlıqlar və narazılıqların artaraq, bəzən nəzarətdən çıxması, mövcud vəziyyəti məcrasına qaytarmaq imkanlarının tükənməsi və yaxud tərəflərin buna ehtiyac duymaması...

 

Zorakılıqla müşayət edilən insidentlərin baş verməsi. Danışıq tərzi amansız, emosional və ya fiziki gücün tətbiqi ilə xarakterizə olunur. Mübahisələr, qarşılıqlı ittihamlar, hədələr,qorxutmalar əsəbi həddə çatdırılır. Şərait nəzarətdən çıxır...

 

Barışıq: - ər və yaxud arvad (ailənin başqa üzvü) amansızlıqla davam edən hərəkətin səbəblərini bir-birilərinə izah edir, üzr istəyir. Gərginliyin azalması müşahidə edilir.

 

Zəif cinsin (bəzən ailənin digər üzvünə qarşı) hadisələri həddindən artıq şişirdilməsi ilə qınanılması,  “Milçəkdən fil düzəldirsən” – deyir və s.

 

Münasibətlərdə  sakit  dövr.  Zorakılıqla davam edən insidentlər unudulur. Qurban zorakılıq edəni bağışlayır, hərəkətlərindən peşmançılıq hissi keçirir, (daxilən-keçmiş olsun-deyir.,) özünə təsəlli verir. Tərəflər arasında münasibətlər əvvəlki məcrasına yönəlir, bərpa olur. Belə münasibətlər dövrü  ilkin mərhələni təkrarlasa da, uzun çəkmir.

 

Müddət ötdükcə mərhələ qısalır, amansızlığın yeni qığılcımlar radiusu genişlənir, ziyanın həcmi böyüyür. Belə mərhələdə qurban situasiyanı sərbəst tənzimləyə bilmir, özünü itirir...

 

Sual yaranır:

 

Məişət zorakılıqlarından müdafiə olunmaq üçün nə etmək lazımdır?

 

Bir sıra ölkələrdə ailələrdəki zorakılıqların aradan qaldırılması üçün hüquqi və psixoloji yardımlar təklif edən “krizis mərkəzləri”, qaynar, pulsuz telefon xidmətləri fəaliyyət göstərir. Dünya təcrübəsində problemin, ailə zorakılıqlarının qarşısını almağa istiqamətlənən iki əsas yanaşma var: Restorativ (köməkçi vasitələr) yanaşma – ailənin qorunub saxlanılması və münaqişənin tənzimlənməsinə yönəlmiş tədbirlər, məcburi tibbi və psixoloji proqramların həyata keçirilməsi, ictimai qınaq və s...

 

Digəri cəzalandırma metodudur.

 

Bu mərhələdə zorakılıqlara, habelə tərəflər arasında olan münasibətlərə xitam verilməsi üçün həyata keçirilən proqramlara start verilir. Cəzalandırma metodu bir çox ölkələrdə əsas tədbir vasitəsidir. Qanunvericilik bazası belə cinayətlərə görə məsuliyyətin dərəcələrini özündə  əks etdirir.

 

Bəzi  dövlətlərin qanunvericiliyində isə ailədəki zorakılıqların qarşısını almağa xüsusu normativ hüquqi aktlar qüvvədədir.

 

Təcrübə göstərir ki ailədəki zorakılıqlar bütün dünyada baş verir, ailənin maddi və sosial vəziyyətindən asılı olmayaraq mövcud müxtəlif mədəniyyətlərin səviyyəsinə xas yaranır. Ekspertlərin qənaətinə görə ailədəki zorakılıqlara aid statistik rəqəmlər fraqmentar və (yarımçıq, natamam) çətin aşkar olunandır. Bəzəndə gizli qalır. Rusiya Federasiyası DİN-nin statistik məlumatına görə, hər il 14 min qadın həyat yoldaşlarının və yaxud yaxınlarının hərəkətlərindən dünyasını dəyişir. Məsələn, 2008-ci ildə ailədəki zorakılıqların nəticəsi olaraq 11 min qadın və 35 min kişi qətlə yetirilib. Analitiklərin mülahizələrinə görə, zorakılıqla müşayət edilən cinayətlərin təxminən 40%-i ailələrdə baş verir.

 

Azərbaycan Respublikasında 2015-ci il ərzində məişət zorakılığı ilə əlaqədar 2839 cinayət baş verib. Bu rəqəm  əvvəlki (2014-cü il) illərlə müqayisədə 1238 fakt azdır. Hər halda azalma müşahidə olunsa da, faktların coxluğu narahatlığa əsas verir. Düşünürəm ki, mədəniyyət və davranışları, düşüncələri və bilik səviyyələri fərqli olan cütlüklərdə (belə ailələrdə) cinayətin baş verməsi üçün zəmin yaranır. Bunu öncədən bilib adekvat, qabaqlayıcı tədbirlərin görülməsi çətindir.  Bu baxımdan ailədə baş verən zorakılıqlar barədə məlumatlar ailənin tərkibindən (məcburi olaraq) sızdıqdan və yaxud rəsmi məlumatın daxil olmasından sonra araşdırmalara imkan yaranır. Bəzən isə belə araşdırmalar artıq gec olur, profilaktik və xəbərdarlıq tədbirləri əhəmiyyətini itirmiş olur.

 

Ümumiyyətlə, ailədəki zorakılıqlara məruz qalanların səhhətində psixi pozğunluqlar, özünü köməksiz vəziyyətdə hiss etmə, qurbanın anatomik səthində və daxilində zədəli stress halları müşahidə olunur. Belə şəxslərdə qidanın qəbulundan imtina etmək halları, alkoqolizimə, narkomanlığa və avaraçılığa meyl artmağa başlayır.

 

Cəmiyyət üçün insan həyatının itirilməsi, cəmiyyətin istehsalatda çalışan  üzvlərinin itkisi, dövlətin öz vətəndaşlarının - zərərçəkənlərin reabilitasiya olunması, istintaq tədbirlərinin, məhkəmələrin keçirilməsinə və belə şəxslərin müalicəsinə - reabilitasiyasına büdcədən vəsaitin sərf edilməsi ilə nəticələnir.

 

Zorakılıqlar nəticəsində qısamüddətli fiziki xəsarətlər, həyacanlı vəziyyət, qorxu,  depressiya, ruhi sıxıntı vəziyyəti, seksual həyatın pozulması, uşaqlarda böyüklərə qarşı nifrət hissi yaranır, təkrar ailə həyatı qurmaqdan yayınmaq, qadınlara qarşı (kişilərə qarşı) nifrət, psixi xəstəliklərə duçar olma, yaxınlarla münasibətdən vaz keçmək, yüksək riskli kriminal davranışlara meyl, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən istifadə etmək halları baş verir.

 

Şəmsəddin ƏLİYEV,

“Polisə Dəstək” İctimai Birliyinin sədri