NDU tələbəsinin vitraj sərgisi keçirilib


Naxçıvan Dövlət Universiteti (NDU) tələbəsinin “Rənglər danışanda” adlı fərdi yaradıcılıq sərgisi keçirilib.

 

İncəsənət fakültəsində ilk dəfədir təşkil edilən vitraj sərgisi “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Akifə Sadıxovanın fərdi yaradıcılığına həsr olunub.

 

Universitetin rektoru Elbrus İsayev sərgidə çıxış edərək fakültədə müəllim və tələbələrin fərdi yaradıcılıq sərgilərinin təşkilinin artıq ənənə halı aldığını qeyd edib. Bildirib ki, tələbələrin bu cür fərdi bacarıqlarının qiymətləndirilməsi onların yaradıcılıq potensialının inkişafına öz müsbət təsirini göstərir. Rektor tələbəni təbrik edərək ona yaradıcılıq uğurları arzulayıb.

 

Xalq rəssamı professor Hüseynqulu Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı dosent Cavid  İsmayılov, təsviri incəsənət kafedrasının müdiri Prezident mükafatçısı Siddiqə Hacıyeva çıxışlarında  vitraj sənəti barədə məlumat veriblər. Qeyd edilib ki,  şəffaf materialdan hazırlanmış ornamentli və ya süjetli kompozisiya olan vitraj pəncərə və qapı şəbəkələrinin bəzədilməsində, habelə interyerlərin tərtibatında istifadə olunur. Rəngli vitrajlar zəngin işıq boyaları əmələ gətirir və interyerin emosional ifadəliliyini artırır. Romada tapılmış rəngli, hamar şüşə parçalarından məlum olur ki, eramızdan əvvəl II minillikdən Qədim Misirdə, eramızın I əsrindən isə Qədim Romada sadə vitrajlar hazırlanıb. XIV-XV əsrlərdə vitraj sənəti İngiltərədə və digər Avropa ölkələrində geniş yayılıb.

 

Çıxışlarda, həmçinin vurğulanıb ki, Azərbaycanda vitrajın şüşə parçalarının taxta alata bənd edilmiş həndəsi formalı şəbəkə növü inkişaf edib. Bunların ən yaxşı nümunələri Şəki xanlarının sarayında və Şəkixanovların evinin tərtibatında qalıb. Vitrajın monumental, fiqurlu kompozisiya növləri məlumdur.

 

Tədbirdə çıxış edənlər A.Sadıxovanın yaradıcılığını müsbət qiymətləndirib, ona gələcək peşə fəaliyyətində uğurlar arzulayıblar.

 

Sonra sərgiyə baxış olub. Ümumilikdə 50-yə yaxın əl işinin nümayiş etdirildiyi sərgidə şüşə üzərində kompozisiyalar, müxtəlif ornamentli vitraj nümunələri tamaşaçıların marağına səbəb olub.