Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən təşkil olunan “Yer səthinin məsafədən müşahidəsi” üzrə elm müsabiqəsinin nəticələri açıqlanıb.

 

2016-cı ildən etibarən periodik olaraq keçirilən müsabiqədə Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Planetlər və kiçik səma cisimləri şöbəsinin elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Fazil İsmayılovun layihəsi 3-cü yerə layiq görülüb (Sertifikat). 

 

“Azərbaycan Respublikası ərazisində peyk və peykaltı optik müşahidələr əsasında ətraf mühitin məsafədən monitorinqi və nəzarət sisteminin işlənməsi” adlı layihədə Azərbaycanda və Qafqaz-Xəzər regionunda ətraf təbii mühitin kosmik monitorinqinin və nəzarətin aparılması məqsədi ilə peyk təsvirlərinin emalının metodik əsasları təklif edilib və praktik nəticələr göstərilib.

 

Qeyd edək ki, “Yer səthinin məsafədən müşahidəsi” üzrə elm müsabiqəsi “Azərbaycan- 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, həmçinin Birləşmiş Millətlər Təşkilatının təsdiq etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində xüsusi əhəmiyyət kəsb edir. Bu müsabiqə kosmosun faydaları və gündəlik həyatımızda yaratdığı imkanları, həmçinin peyk təsvirləri ilə ekoloji dəyişiklikləri müşahidə etmək və onlara hazır olmaq, əkin sahələrinin düzgün monitorinqi ilə ərzaq təhlükəsizliyinə töhfə vermək kimi təşəbbüsləri özündə birləşdirir.